Ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə AAYDA-nın sözügedən rayonlar üzrə məhdud məsuliyyətli cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub:
“Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Bundan başqa, güclü külək M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə sözügedən istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Agentliyin “3 saylı Magistral Yolların İstismarı” MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddət ərzində dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib”.