İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir “Avesta” şirkətindən ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov ailəsi ilə birgə Prezident Administrasiyasının qarşısındakı parkda aksiyaya cəhd edib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, 4 ildir kirayədə qaldığını bildirən sahibkar yorğan-döşək ataraq parkda qalacağını deyib.
“Mən bütün nəyim var idisə hamısını satıb Hacı İbrahimin sahibi olduğu “Avesta” konserninə məxsus “Həsən-6” MTK tikinti şirkətinə 355 min manat ödəyərək iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Bu gün gəldim bir daha problemimi prezidentə çatdırım. Bəyan edim ki, bu gündən yorğan-döşək atıb Prezident Administrasiyasının qarşısındakı bu parkda yaşayacağam”.
E.Məmmədov deyir ki, o, bu addımı atmazdan əvvəl özünü Zığdakı Respublika Narkoloji Dispanserində müayinədən keçirib:
“İndi istənilən adamı tutub üstünə narkotik ittihamı atırlar. Bunu nəzərə alaraq avqustun 2-də Zığdakı Narkoloji Dispanserdə müayinədən keçdim. Əlimdə möhürlü, ştamplı sənəd var ki, mən narkoman deyiləm. Xəzərdə göydələnlər tikən “Avesta” şirkətinin prezidenti məni bu günə qoyub, ona heç kim bir söz deyə bilmir. Məhkəmələr hamısı onun xeyrinə qərar çıxarıb”.
“Heç kim ona heç nə deyə bilmir, bütün məhkəmələr qərarı onun xeyrinə verir”, o deyib.
Bir müddət sonra əraziyə gələn polislər parka sərilən yorğan-döşəyi yığışdırıblar, Elşad Məmmədovu Post-Patrul Xidməti maşınına mindirərək Səbail RPİ 9-cu polis bölməsinə aparıblar.
Qeyd edək ki, bundan əvvəl də Elşad Məmmədov Qazax rayonunda kirayə qaldığı mənzildə ağzını tikərək aksiya keçirib.
Qeyd edək ki, dünən KİV Hacı İbrahimin digər hərəkətini müzakirə ediblər. Belə ki, İbrahim Nehrəmli xalq öz şəhidlərinin yasına qərq olduğu bir gündə əyləncə tədbiri keçirərək “Khazar İslands” yeni restoranının açılışını qeyd edib.