Bakı sakini Mehriban Həsənova illərdir həllini tapa bilməyən bir problemlə üzləşib.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, vətəndaş dörd il əvvəl akademik Həsən Əliyev prospektində mənzil almaq üçün 80 min manat ödəyib, lakin sonradan aldığı mənzilin ümumiyyətlə mövcud olmadığını öyrənib.
Mehriban Həsənova müqavilə bağlayaraq ödəniş etsə də, sonradan ciddi uyğunsuzluqlarla qarşılaşıb. İddiaya görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb, halbuki layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə zərərçəkən nə pulunu geri ala, nə də mənzilinə köçə bilir.
Zərərçəkənin sözlərinə görə, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisi hələ 2020-ci ildə aidiyyəti qurumlar tərəfindən dayandırılıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona tikilməyən mərtəbədən mənzil satıb.
Məsələ ilə bağlı "MM Park" MMC ilə əlaqə saxlanılıb. Şirkətdən bildiriblər ki, məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklər.