Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub.
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti “Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında” Sərəncam imzalayıb.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvüdür, ailəlidir, iki oğlu var.
Qeyd edək ki, Hacıbala Abutalıbovun vəzifə fəaliyyəti Bakı sakinləri tərəfindən birmənalı qarşılanmır. Şəhər sakinlərində Bakının yenidənqurma və abadlıq işlərinə dair fikir ayrılığı yaranıb. Bəziləri, paytaxtın görkəminin dəyişilməsini müsbət qarşılayır və daha gözəl olduğunu vurğulayır, digərləri isə qeyd edir ki, bu gözəlliklə yanaşı Bakı öz unikal şərq görkəmini itirir və Avropa şəhərlərinə bənzəyir.
Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı meri Hacıbala Abutalıbovun “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.