Komitəmizin gündəmində olan məsələlərdən biri də “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan Qanun layihəsidir.
Oxu.Az xəbər verir ki, bunu Gün.Az-a parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli dilə gətirib.
Komitə sədrinin dediyinə görə, adıçəkilən Qanun layihəsi artıq uzun illərdir ortadadır, müzakirə mövzusudur və onun nəhayət, parlament müzakirələrinə çıxarılaraq qəbuluna ciddi ehtiyac var.
H.Rəcəbli eyni zamanda qeyd edib ki, Qanun layihəsi çoxlu baxış, mülahizə və diskussiyalar tələb edir.
“Ona görə bu Qanun layihəsi ola bilər yaz sessiyasının sonuna gəlsin”, - deyən komitə sədrinin sözlərinə görə, hazırda həmin sənəd bütün müvafiq qurumlarla birgə işlənilir, rəylər toplanılır.
“Bu Qanun layihəsi çox ciddi bir sənəd olacaq. Burada ola bilər ki, əlillik məsələsinə yeni bir baxış olsun. Bu gün biz əlilliyi insanın fiziki durumuna görə təyin edirik, onun sosial müdafiəsinə bu prizmadan yanaşırıq. Ancaq ola bilsin onun istiqamətini dəyişək, yəni, sosial formada olsun.
Məsələn, hər bir əlilə müavinət verilir. Ancaq maddi imkanı yüksək olan ailələrin əlilinə niyə yardım verək? Düşünək, elə bir ailəyə yardım verək ki, onun sosial durumu, sosial qüsuru olsun. Yəni, insanın fiziki qüsurundan daha çox onun sosial qüsuru nəzərə alınsın. Əli yoxdur, ayağı yoxdur, lakin atası var, anası var, pulları var. Biz ona da yardım veririk, digərlərinə də.
Ona görə biz indi onu formaya salmaq istəyirik ki, adam özü müraciət etsin ki, mənə yardım lazımdır.
Gəlib yoxlayırlar, görürlər bunun yardıma ehtiyacı var, yardım edirlər. Əl-ayağı olmayan, ancaq imkanları böyük olan ailələrdə ola bilər ki, biz dəstəyin başqa formasını tapaq, yəni, maddi formasını yox.
Bu da, əlbəttə, bizi düşündürən məsələdir və bu, ciddi müzakirələr, baxışlar tələb edir. Yəqin ki, sonda bununla bağlı daha məqsədəuyğun və uğurlu bir variant seçə biləcəyik”, - deyə, H.Rəcəbli daha sonra sözlərinə əlavə edib.