Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev ötən gün Bakıda iki oğlanın bir-biri ilə “nişanlanmasını” Gün.Az-a şərh edib.
Məlumat üçün bildirək ki, “Nəfəs LGBT (lesbiyan, gey, biseksual, transseksual) təşkilatının rəhbəri Atilla Cavid Facebook profilində status yazaraq öz cinsindən olan bir nəfərlə “nişanlandığını” yazıb.
Oxu.Az xəbər verir ki, məsələyə münasibət bildirən Hafiz Hacıyev deyib ki, bu Azərbaycan üçün ən utancverici haldır və xalqımıza təhqirdir:
“Mən inanmırdım ki, Azərbaycan millətindən kimlərsə bu hərəkəti etsin. İndi bunun da bünövrəsini qoydular. Belə hallar Avropa dövlətlərində geniş yayılıb. Bu bünövrəni Azərbaycanda qoyan, Avropa ilə yarışa girən, bunun yayılmasını istəyən adamlar var.
Mən düşünürəm ki, bu hallara qarşı mübarizədə təbliğatı gücləndirməliyik. Çalışmalıyıq ki, belə hallara yol verilməsin. Bu, Azərbaycan mentalitetinə ziddir. Ölkənin bütün siyasiləri, ziyalıları bu məsələyə mənfi münasibətini bildirməlidir.
Bunları ictimai qınağa çəkmək lazımdır. Xalqımızın keçmişi var, şərəfli tarixi var. Amma belələrinin xalqımıza ləkə salmağa haqqı yoxdur”, - deyə H.Hacıyev söyləyib.
Partiya sədri onlarla mübarizə tədbirləri kimi həbslərin də işə düşməli olduğunu vurğulayıb:
“Mən istərdim ki, bu məsələyə hüquq-mühafizə orqanları da qarışsın. Bunlar həbs edilməlidir. Onları başa salmaq lazımdır. Dövlət bu məsələdə lazımi tədbirləri görməlidir. Yoxsa bu hara gedir? Bu nə deməkdir? Bu halların qarşısı alınmasa gələcəkdə bunların sayı çoxalacaq.
Bu nəsil artırmaqdan ötrü olan evlilik deyil. Bu sadəcə həvəs xatirinə, utanc gətirən bir “nişandır”.