Jirinovski başdanxarab, avara bir adamdır. Mənim onun haqqında əvvəllər də çıxışlarım olub. Rus telekanalları çıxışıma reaksiyalar verib, qardaş Türkiyə mətbuatında da müsahibələrimə yer ayrılıb. Bu adam türklərdən heyf almaq istəyir.
Çünki 5-6 türkdən əmələ gəlib. Mən Moskvadakı nümayəndəmə - Asif müəllimə tapşırıq vermişəm. Ola bilsin ki, onun partiyasının qarşısında piket keçirək.
Oxu.Az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev bildirdi.
O, Dövlət Duması sədrinin müavini, RLDP sədri Vladmir Jirinovskinin Azərbaycana yönəlik hədələrinə cavab verərkən qeyd etdi ki, gələn həftə bununla bağlı partiyası qərar qəbul edəcək:
“Mən Jirinovskinin partiyasına zəng etdim. Onun nümayəndəsi Vasili İvanoviç kim olduğumu soruşdu. Dedim ki, partiya sədriyəm, prezidentliyə namizəd olmuşam. Nümayəndəsi söylədi ki, hazırda Jirinovski Dumadadır.
Onun diqqətinə çatdırdım ki, Azərbaycanı hədələməyə son qoysun, bu işlərdən əl çəksin. Yoxsa biz onu elə sünnət edərik ki, ömürlük dərs olsun. Azərbaycan xalqını bu qədər təhqir etmək olmaz. Əgər ifadələrinə diqqət yetirməsə onunla bağlı tədbir görəcəyik.
Gələn həftə müzakirə edib Jirinovskinin partiyası qarşısında piket keçirməyi diqqətdə saxlayacağıq”.
Xatırladaq ki, bir müddət əvvəl prezidentliyə namizəd olmuş Hafiz Hacıyev “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylislinin qulağını kəsəcəyini söyləsə də, sonradan bu fikrindən vaz keçmişdi.