Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya Dövlət Duması sədrinin müavini, RLDP lideri Vladimir Jirinovskinin Azərbaycana səfərinə münasibət bildirib.
Hafiz Hacıyevin Oxu.Az-a bildirdiyinə görə, o Vladimir Jirinovski ilə görüşmək üçün Rusiya səfirliyinə müraciət edib.
Müasir Müsavat Partiyasının sədri qeyd edib ki, o Vladimir Jirinovski ilə görüşüb “tetatet” danışmaq istəyir.
“Jirinovski yenə Azərbaycana qarşı fikirlərinin üzərində qalsa, bizim xalqımıza qarşı təhqiramiz fikirlər işlətsə, biz ona cavab verəcəyik. Azərbaycanda yox, elə onun yaşadığı məkanda. Biz ona “sənin yüksək səviyyədə təhlükəsizliyinin təmin olunmasına baxmayaraq, biz müəyyən vasitədən istifadə edib, müəyyən addımlar ata bilərik” demişik. Biz çalışacağıq ki, onu ağıllandıraq. O son zamanlar fikrini dəyişib, lakin o bir az ayağısürüşkən adamıdır”.
Hafiz Hacıyevin dediyinə görə, o görüşdə Jirinovskiyə Azərbaycanın nə qədər demokratik ölkə olduğunu göstərəcək:
“Qoy, o gəlib öz kor gözləri ilə görsün ki, Azərbaycan nə qədər inkişaf edib. Fikrimdə Jirinovskini əqidədən döndərməkdir, düşməni dost etməyin özü də bir işdir. Ağıllansa dostluq edə bilərik”.
Hafiz Hacıyev Jirinovskini sünnət eləməsi barədə Oxu.Az-a bunları deyib:
“İşdir, birdən fikrindən daşınmasa, özünü düzgün aparmasa, Azərbaycana qarşı təhqiramiz sözlər işlətsə o öz payını alacaq. Onu qoca vaxtında sağlamlığı icazə versə sünnət edəcəyik, problem yoxdur, xərcini də özüm çəkməyə hazıram”.
Xatırladaq ki, Dumada çıxışında Azərbaycan adında millət olmadığını deyən Vladimir Jirinovski Rusiyanın Krımı ələ keçirməsindən sonra iki dəfə də Qarabağın Rusiyaya birləşdiriləcəyini söyləmişdi.
Qeyd edək ki, bu gün Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski Azərbaycana gəlib.
Elvin Əhmədov
www.oxu.az