Son günlər oktyabrın – xarici istehsal maşınların (Rusiya istehsalından başqa) illik texniki baxışdan keçməsi üçün ənənəvi ayın başlaması ilə bağlı bəzi suallar ortaya çıxıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bir çox avtomobil sahibləri maraqlanırlar – son dəyişikliklər fonunda buraxılış tarixindən 5 ildən çox vaxt ötmüş avtomobillərin texniki baxışdan keçməsi lazımdırmı.
Əvvəlcə qeyd edək ki, Azərbaycanın Nazirlər Kabineti avtomobillərin texniki baxışdan keçməsi qaydalarını təsdiqləyib. Baş nazir Artur Rasizadə tərəfindən imzalanmış 2013-cü il 21 avqust tarixli 223 saylı qərarla “Nəqliyyat vasitələri və onların qoşqularına texniki baxış haqqında nümunəvi əsasnamə”yə dəyişikliklər təsdiqlənib.
Dəyişikliklərə əsasən, buraxılış ilindən 4 ildən çox vaxt ötmüş avtomobillər iki ildən bir texniki baxışdan keçəcəklər. Buraxılış tarixindən 10 ildən çox vaxt ötmüş maşınlar isə hər il texniki baxışdan keçməlidirlər. Yeni avtomobillər istehsala verildikləri tarixdən keçən növbəti 4 il ərzində texniki baxışdan azaddırlar.
Öz növbəsində Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun qeyd etdiyinə görə, buraxılış ilindən 4 ildən çox, lakin 10 ildən az vaxt keçmiş avtomobillər bu il texniki baxışdan keçməyəcəklər – yalnız bir şərtlə: əgər həmin maşınlar 2012-ci ildə texniki baxışdan keçiblərsə. Bu barədə maşının ön şüşəsində birka və texniki pasportda qeydin olması vacibdir.
Müvafiq olaraq, yollarda buraxılış tarixindən 4 ildən çox, lakin 10 ildən az vaxt keçmiş avtomobillərin sürücülərində oktyabrın 31-dən sonra hansısa problem yaranmamalıdır.