Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hansı xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək?
İcra xidmətinin icra məmuru icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarında təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
"İcra haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürüləcək və bu vəsaitin bir iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin ediləcək.
Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına 3 iş günü müddətində köçürüləcək.
İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürüləcək və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndəriləcək.
İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək.
İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
Həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.
Məlumat üçün bildirək ki, qanun layihələri məhkəmə və digər orqanların qərarlarının icrası sahəsindəki aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.
Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ülviyyə Qurbanovanın mətbəxdə əməliyyat etdiyi şəxs dünyasını dəyişib
- Səhiyyə Nazirliyi tərəfindən yeni təşəbbüs: Sertifikasiya və peşəkar inkişaf üçün yeni seçim imkanı
- Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə
- Tibb işçilərinin sertifikasiyası: 2024-cü ildə 18 mindən çox mütəxəssis imtahan verib
- Deputatdan təklif: "Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır"