Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir, yüksək əhval-ruhiyyə hökm sürür.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, bu dəqiqələrdə etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edirlər.
Eyni zamanda ekofəallar və gənc könüllülər dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 26 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.




23:10
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik maşını və 1 "KamAZ" markalı avtomobil Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət.
17:16
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik maşını və 5 “KamAZ” markalı avtomobil Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.
13:54
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 10 ədəd avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik maşını və 8 “KamAZ” markalı avtomobili Xankəndindən Laçın istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 17 avtomobil maneəsiz hərəkət edib.
08:42
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi altı gündür davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.



Səhər saatlarında Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, bir minik maşını və altı “KamAZ” markalı avtomobil Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.



Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.