Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, rus dilində isə "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Hazırda ekofəalların, eləcə də gənc könüllülərin əhval-ruhiyyələri yüksəkdir.
Onu da bildirək ki, bu gün ərzində indiyədək Xankəndi-Laçın yolundan Rusiya sülhməramlılarına məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 22 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
15:19
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.
Bununla da bu gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı altıya çatıb.
14:22
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün ərzində indiyədək aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı beşə çatıb.





09:28
Xankəndi-Laçın yolunda təşkil olunan aksiya vətənpərvərlik əzmində davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.
Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 22 gündür davam edir.


