Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uşaq dünyaya gətirərkən digər övladını da yetim qoyan Ülviyyənin GÖRÜNTÜLƏRİ
Zərdab rayonunda doğuş zamanı həyatını itirən qadınla bağlı yeni detallar məlum olub.
Yaxınları iddia ediblər ki, ananın ölümünə həkim səhlənkarlığa səbəb olub.
Anası Sevinc Nağıyeva qızının hamiləlik dövrünün normal keçdiyini, paytaxtdakı həkimlərdən birinin nəzarəti altında olduğunu bildirib.
Onun sözlərinə görə, qızı hər ay mütəmadi analizlər verib və müayinələrdən keçib. Həkimin təyin etdiyi vaxtda isə xəstəxanaya gətirilib:
"Qızım əməliyyat olunandan sonra yoldaşına deyib ki, qarnımın içindən nəsə axır. Həkim isə bunun normal olduğunu bildirmişdi. 15 dəqiqə keçəndən sonra isə qızım koma vəziyyətinə düşdü".
Qeyd edək ki, bu ananın ikinci övladı olub.
Hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı ATV-nin süjetində:
"Bu gecə Zərdab rayonunda doğuşdan sonra həyatını itirən xəstə uşaqlıqda çapıq diaqnozu ilə xəstəxanaya daxil olub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Məlumatda qeyd olunur ki, 1996-ci il təvəllüdlü, Zərdab rayon sakini 06.06.2024-cü il tarixdə saat 12:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.
"Xəstə saat 12:00-da uşaqlıqda çapıq diaqnozu ilə mərkəzə daxil olub. Saat 14:00-da qeysəriyyə əməliyyatı icra edilib. Ana və uşağın səhhəti normal və qənaətbəxş hesab edilib. Saat 18:00-dan sonra xəstədə qıcolma, psixomotor oyanıqlıq müşahidə olunub və huşu pisləşib. Xəstə dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lakin aparılan tibbi tədbirlərə baxmayaraq onu xilas etmək mümkün olmayıb".
Bu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.
Oxu.Az-a verilən məlumata görə, Ülviyyə Teymur qızı Əliyevanın hamiləliyi riskli olub.
Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.
Eyni zamanda bildirilib ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.
Hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.
Əzizə İsmayılova