Azərbaycanda məmur andı çoxdan var, bundan sonra müəllimlər də and içəcəklər. Həkimlərimiz də əvvəllər and içirdilər – “Hippokrat andı”. İndi daha içmirlər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda həkimlər peşə fəaliyyətlərinə başlayarkən əvvəlki illərdən fərqli olaraq “Hippokrat” andı içmirlər:
“İndi həkimlər “Hippokrat” andı içmirlər. “Həkimlərin etik davranış qaydaları” var, ona riayət edirlər”.
İndi çox nadir hallarda həkim xəstəni təmənnasız müalicə və yə müayinə edə bilər. Bunu həkimə müraciət edən hər bir kəs yaxşı bilir. Bəzən həkimdən narazı olanlar onları “Hippokrat andı”nı pozmaqda günahlandırırlar. Amma onu da bilmirlər ki, həkimlərin özləri sovet dövründən qalan və əksər müddəalarına əməl edilməyən bu andı gərəksiz anlayış sayırlar. Qədim yunan eskulapı Hippokratın qadağalarına daha dünyanın heç bir yerində əməl olunmur.
Tibb sahəsi üzrə ekspertlər də deyirlər ki, “Hippokrat and”ı indi həkimlərin fəaliyyətinə əsas istiqamətverici və tənzimedici bir mexanizm ola bilməz. Doğrudan da, “Hippokrat andı”na görə, həkim müalicə və diaqnozla bağlı bütün sirləri qoruyub saxlamalı, abort etməməli, xəstənin öləcəyini ona deməməlidir. Diqqət yetirək, andda deyilir:
“Məndən zəhər istəyənə onu verməyəcəyəm... Bir hamilə qadına uşaq salması üçün dərman verməyəcəyəm... Sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm... ”.
Amma indi bu müddəalara əməl olunmur. Hamı bilir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da həkim xəstənin xəstəliyini ağır olsa belə, onun özünə də deyir, müalicə müqabilində pul da alır, arzuolunmaz hamiləlikdən xilas olmaq istəyən qadınları abort da edir. Bir sözlə, qədim yunan həkimi Hippokratın andı müasir dövrlə ayaqlaşmır. Ona görə əksər ölkələrdə həmin andı Həkimlərin Etikası Kodeksi əvəz edir.