“Natiq” ritm qrupunda ifa etmək mənim uşaqlıq arzum idi. Arzum illər sonra həyata keçdi. 8 il Natiq Şirinovla çiyin-çiyinə çalışmışam”.
Bu sözləri Oxu.Az-a müsahibəsində həndpəndə ifa edən azərbaycanlı ritm ifaçısı Sultan Hüseyn Rzayev deyib.
Müsahibəni təqdim edirik:
- Sultan Hüseyn bəy, musiqi aləti ilə ilk tanışlığınız necə olub? Aləti necə əldə etdiniz?
- 2021-ci ilin əvvəlləri idi. Pandemiya yeni bitirdi. Mən “Instagram” sosial şəbəkəsində canlı yayım açmışdım. Müxtəlif çalğı alətlərində çıxış edirdim. Canlı yayım əsnasında bir rus zərb alətlər ifaçısı Paşa Anyon mənə yazdı ki, “mesaj qutusuna baxarsan”. Mənə yazmışdı ki, “Zərb alətlərdə çox gözəl ifa edirsən. Mən sənə bir alət düzəldim. Sən sadəcə aradabir məni reklam edərsən”. Mən də düşündüm ki, niyə də yox.
Həndpən bahalı bir alətdir. Qiyməti 1000-2000 dollar civarındadır. Mənə hədiyyə edilən 1500 dollar civarındadır. Ən ucuzu 1000 dollardır. Bu aləti almaq fikrim var idi. Sanki arzum reallaşdı. Gözləmədiyim anda bu təklif gəldi. Hazırlanması bir qədər uzun çəkdi. Çünki məndən hansı tonallıqda istədiyimi soruşmuşdu. Alətin imkanları o qədər də geniş deyil. Piano kimi deyil. Nəhayət, alət gəlib mənə çatdı. İlk dəfə əlimə alanda yad idi. Çünki heç vaxt istifadə etməmişdim. Alətin özünəməxsus ifa tərzi var. Barmaqları vurma şəkli eyni idi. Rahat gəldi. Tonallıq, melodiya və not qurmaq cəhətdən bir qədər çətinliklər çəkdim. Öyrəşdikcə, daha rahat oldu.
- Bu aləti görəndə azərbaycanlılar - “sacı tərsinə çevirib çalır”, - deyirlər. Sizcə, aləti qeyri-adi edən xüsusiyyətlər nədir?
- Ətrafımda olan dostlarımdan bilən də, bilməyən də mənimlə sac zarafatı edirlər. Deyirlər ki, “sacını gətir”. O aləti digərlərindən fərqləndirən xüsusiyyəti heç bir alətə bənzəməməyidir. Heç bir alətin səsini vermir. Tamam fərqli bir alətdir. 2000-ci illərdən bu alət dünyaya təqdim olunub. Lakin bu qədər məşhur deyildi. Son 3-4 ildə daha da məşhurlaşıb. Avropa ölkələrində çox məşhurdur.
- Həndpəndə ifa etmək üçün notla əsərlər yazılırmı? Yoxsa tam improvizasiyadır?
- Alətin imkanları o qədər də geniş deyil. 7 not orada sadəcə bir tonallıq civarında rol oynayır. Məndə olan alət re minor tonallığındadır. Ona aid olan əsərlər yazılır. Müəyyən yerlərinə improvizələr qoşmaq olur. Lakin tam olmur. Melodiyada müəyyən yerlər var ki, başqa tonallığa keçir. Deton səslənir. Çünki orada not yoxdur. Əsərlər yazıla bilir.
- Maraqlıdır, necə oldu ki, həndpəndə ifa etmək qərarına gəldiniz?
- O alət gələndə düşünmürdüm ki, bu qədər yolumu açacaq. Düşünə bilmirdim ki, mən bu alətdə çıxış edə bilərəm. Ötən il həyatımda ən böyük bir proyekti təhvil verdim. Məkanların birinin yenidən açılışı idi. Sırf mənə o alətə görə, müraciət etdilər. Açılış üçün kompozisiya qurdum. Studiyaya girdim. Bir anlıq gözlərimi yumdum. Ağlıma bir melodiya gəldi. O melodiyanı qurdum. Adını “Moon”, yəni ay qoydum. Onu ifa edəndə aylı gecəni düşünmüşdüm. Həyatım üçün dönüş nöqtəsi oldu. Alətin mənə belə uğur gətirəcəyini düşünmürdüm. 28 dəqiqəlik kompozisiya yazmışdım.
- İlk hansı musiqini ifa etmisiniz?
- İlk ifam ürəyimdən gələn musiqi oldu. Onun adı yoxdur. Musqiçilərdə belə bir xüsusiyyət var. Musiqiçi bəzən öz içini, sözünü deyə bilmir. Onu musiqi ilə deyir, ritm ilə göstərir. O da bir ritm alətidir. İfa edəndə ürək döyüntümün ritmini hiss edirəm. Ürəyim nə deyirsə, onu ifa edirəm.
- Nə vaxtsa, bu işi dayandırmağı düşünürsünüzmü?
- Sənətə pula görə gəlsəydim, dayandırardım. Pandemiya vaxtı dayandırmadımsa, demək ki, yox. Elə bir şey ola bilər ki, dayandıraram. Lakin öz istəyimlə dayandırmaram. O, mənim istəyimdir. Mən tanınmaq üçün ifa etmirəm.
- Özünüzə rəqib olaraq kimisə görürsünüz?
- Azərbaycanda məndən başqa da bu alətdə ifa edənlər var. Çox gözəl şəkildə ifa edənlərdən biri müğənni Çingiz Mustafayevdir. Sadəcə bir balaca yönünü dəyişib. Çingiz Mustafayevin kompozisiyaları da var. O həm həndpəndə, həm də gitarada ifa edir. Bununla yanaşı vokal da oxuyur. Lakin mən sırf ritm ifaçısıyam.
Başqa biri - Elgiz adlı gənc də var. O da bu musiqi alətində ifa edir. Lakin o, küçədə ifa edir. Bir növ küçə musiqiçisidir. Təəssüflər olsun ki, bizdə küçə musiqisi inkişaf etməyib. Hazırda mənim kimi ifaçı Ramil Cahangirov da solo fəaliyyət göstərir. Sırf mən deyiləm. Natiq müəllimin yanında bir çalışmışıq. DJ ilə çıxışlar edir.
- Həndpənin özəlliklərindən danışmağınızı istərdim.
- O qədər də ciddi özəlliyi yoxdur. Onu uçan boşqablara da bənzədirlər. Sadəcə özünəməxsus səsi və görüntüsü var. Hansısa bir ritm alətinə bənzəmir.
- Ən yaddaqalan, özünüzün də bəyəndiyiniz ifanız hansıdır?
- Əslində çoxdur. İnsan balalarını ayıra bilmir. Bütün ifalarım əzizdir. Hərəsinin bir xatirəsi, tarixi var. Ürəyimin səsini ifa etmişəm deyə ayıra bilmərəm. Lakin əldə etdiyim uğur “Moon” (“Ay”) kompozisiyası olub.
- Bu işdə hədəfləriniz nədir?
- Sözsüz ki, sənəti davam etdirməkdir. Mən çox inadcıl uşaq olmuşam. Bir hədəfim hər zaman olub. O da yaxşı ifaçı olmaq və seçilmək. Bəzi adamlar şöhrət qazandıqca dəyişir. Əslində şöhrət çox təhlükəli bir şeydir. Səni yerə də vura bilər, göyə də qaldıra bilər. Qalxdıqca daha da sadə olmalısan. Bacardığım qədər sadə olmağa çalışıram.
Bundan sonrakı planım dayanmamaqdır. Yeniliklər etmək istəyirəm. Düzdür, çətinliyi çoxdur. Bəzən pərdəarxasını çox adam görmür. Kefimiz olmayanda bu ifadya əks olunur. Kefim olmayanda və ya əsəbi olanda ifa edə bilmirəm. Ritmə əllərim belə getmir. Süni alınır. İstədiyin kimi bacara bilmirsən. Təsiri olur.
- Həndpəni inkişaf etdirməyi düşünürsünüzmü?
- Çıxışlardan vaxtım olsa, düşünürəm. Məşq eləməyə bəzən vaxt çatmır. Kommersiya tərəfinə yönəlmişəm. İnkişaf etdirmək üçün gərək tərki-dünya olasan. Pandemiya vaxtı yeniliklər ortaya çıxardım. Belə vaxt olmur. Vaxt ayırmaq az olur.
O ki, qaldı tələbə öyrətməyə bunun üçün özümüz çox şey bilməliyik. Mən bilirəm desəm, yalançı olaram. Hər şeyi bilmək mümkün deyil. Musiqi, melodiya tükənməzdi. İnsan hər zaman öyrənəcək. Mən hələ də öyrənirəm. Elə şeylər var ki, mən onu bilmirdim. İndi bilirəm. İstedad varsa, alınacaq. Beyin güclü işləsə, alınacaq. Sağ əldə bir ritm ifa edirsən. Solda solo çalırsan. Mən bunu Natiq müəllimdə gördüm.
- Nə zamansa, qrup yaratmaq fikriniz olub?
- Qrup yaratmağı düşünmürəm. Proyektlər olanda yüzlərlə insanı bir araya yığıram. O, çox məsuliyyətli bir işdir. Mən məsuliyyətli insanam. Məsuliyyətsizlik görəndə bir də o insana müraciət etmirəm. Söz verildisə, yerinə yetirilməlidir. Dəqiq adamlar azdır. İşə bəzən sırf pul kimi baxırlar. Pul ilə yanaşı iş tərəfindən də baxmaq lazımdır. Qrup yaratmaq çox yorucu prosesdir. Təkliyi sevirəm.
- Ümumiyyətlə, kimsə sizə bu yerə gəlməkdə dəstək olub?
- Bəli, ilk növbədə ailəm dəstək olub. Onlar qarşımı kəsmədilər. İnadcıl olduğum üçün mənə inandılar. Sonra müəllimim Natiq Şirinov olub. Oradan çıxmaq böyük addır, keyfiyyətdir. Orada olduğun üçün insanlar sənə güvənir. 3 ildən çoxdur ki, Əməkdar artist Rəşad Həşimovun “Rast” qrupunda zərb alətlərin ifaçısıyam.
- Yəqin ki, çox çətinliklərlə üzləşmisiniz. İlk başladığınız həmin günü necə xatırlayırsınız?
- Musiqi məktəbində hələ oxumurdum. 5-6 yaşlarımda “İrs” qrupunda çıxış edirdim. Özüm üçün Natiq müəllim kimi qrup yaratdım. Qatar ritmini ifa etdim. İstəyirdim Natiq müəllim kimi olum. İdealım o idi.
- Həndpəndə hansı xarici musiqiləri ifa etmisiniz? Yeni rəng qatmağı düşünürsünüzmü?
- Gündəlik çıxış etdiklərim xarici musiqilərdir. Xarici musiqilərə yeni rəng qataraq melodiyaları ifa edirəm. Mən xarici musiqi üzərində ritm ifa edirəm.
- Musiqi təhsilinizi davam etdirmisinizmi?
- Uşaq olanda məni musiqi məktəbinə qoydular. Təhsilim var. Musiqi məktəbinə getməmişdən öncə məni başqa sənətə yönləndirmək istəyirdilər. Mən musiqiçi ailəsində dünyaya gəldiyim üçün uşaqlıqdan musiqiyə marağım var idi. Əmimgil ilə bir binada qalırdıq. Əmim qarmonda ifa edirdi. Oğlu da qarmon ifaçısıdır. Onlara musiqiçilər gəlirdilər. Hər gün onlarda toy-bayram olurdu. Atam musiqiçi deyil. Uşaqkən qarmona gedib. lakin davam etdirməyib. Dayım da nağara ifaçısı olub. Gendə var idi. Onu oyatmaq lazım idi.
5 yaşında qoşa nağarada ifa etmişəm. 6 yaşımda məktəblərdə tədbirdə səhər saat 08:00-dan günorta saat 15:00-a qədər fasilələrlə qoşa nağarada ifa etmişəm. Mənim ürəyim getmişdi. Anam da həmin məktəbdə ingilis dili müəlliməsi idi. Çox pis olmuşdu. Həmin gün yemək yeməyə vaxtım olmamışdı. Həm də yaşım çox az idi. Buna baxmayaraq, ifam bəyənilirdi. Gördülər ki, istedad və istək var. Ona görə, qarşı çıxmadılar. Dərslərimi də yaxşı oxuyurdum. Bununla yanaşı boksla da məşğul olurdum. Çertyoj çəkmək bacarığım da var idi.
O da mənə atamdan keçmişdi. Ailəm memarlıq üzrə təhsil almağımı istəsə də, razı olmadım. Toy musiqiçisi olmaq istəmirdim, mənim yönümüm o deyildi. Nəhayət, məni 4 nömrəli musiqi məktəbinə qoydular. Oranı da bitirdikdən sonra Milli Konservatoriyanın nəzdində olan Asəf Zeynallı adına musiqi kollecinə qəbul oldum. İxtisasım xalq çalğı alətləri idi.
- Natiq Şirinovla tanışlığınızdan danışmağınızı istərdim.
- Kollecdə oxuyurdum. 2007-ci il idi. “Natiq” ritm qrupunun bir proyekti var idi. 2007-ci ildə Azadlıq meydanına ritm yürüşünə xeyli adam lazım idi. Onun tələbəsi Xəyal Abbasov bizlə oxuyurdu. Məndən iki kurs yuxarı idi. O dedi ki, Natiq müəllim nağara çalan axtarır. Ora gedək. Getdik.
Mənim uşaqlıqdan o qrupda ifa etmək arzum idi. Əməkdar artist Tofiq Cabbarov bizim qonşumuz idi, Natiq müəllim onlara gedib gəlirdi. Ona uşaq olan zaman dedim ki, “nə olar, bizi görüşdür”. Bir dəfə bizi görüşdürdü. Mən evdə deyildim. Qaça-qaça gəldim. Gördüm maşının yanındadır. Yaxınlaşdım, tanış olduq. Maşınının üstündə mənə yallı ifa etdirdi. Dedi ki, gələrsən. Lakin utandım, gedə bilmədim. İllər sonra kollecdə oxuyan zaman meydanda ifa etdim. Meydanda ifadan sonra Natiq müəllim 4 nəfəri seçdi. Daha sonra 1 nəfər qaldı. O da mən idim. Onun əsas qrupuna düşdüm. 8 il çiyin-çiyinə çalışdım. Ondan çox şey öyrəndim. Dünya ritmlərini, sayları öyrəndim. Çünki ritm saylar üzərindədir. Not yoxdur. Dünya səhnələri gördüm. Avroviziya 2012-ci ildə Bakıda olan zaman açılışda əsas qrupda mən idim. 7 dəqiqəlik kompozisiyamız var idi. Ondan öncə final üçün qrupdan Ramil Cahangirov, mən, Hikmət Rzayevi Heydər Əliyev Fondu seçdi. Final üçün böyük rolikdə ekrana gələcək Azərbaycan siması kimi çəkdilər. Bizi Milana göndərdilər. Gözləmirdim. Həmin ildə Bakıda Rihannanın solo konserti oldu. Konsertdə onunla eyni səhnəni bölüşdük. 2007-2014-cü illərdə Natiq Şirinovla çalışmışam.
Nağara mənim özümdür. Mən sənətə onunla başlamışam. Musiqi məktəbinə nağaranı bazar çantasında aparmışam. Utanmamışam. Demişəm ki, “mən onu sevirəm və uğur qazanacağam”. Nağara ilə yeni proyektim var. Tural Rafael ilə 2019-cu ildə Bakı Caz festivalında piano ilə nağaranı sintez etmişik. Hazırda davam etdirməyi düşünürük.
- Sırf özünüzün yaratdığınız ifanız var?
- “Moon”, “Mənim ürək döyüntüm”, “Böyük Dəbilqə”, “Qarabağ qayıdış”. “Moon”u açılışda ifa etmişdim. “Böyük Dəbilqə”ni cüdo yarışının açılışı üçün ifa etdim. “Qarabağ qayıdış”ı isə müharibə davam etdiyi vaxt yaratdım. Adını qayıdış qoymaq da təsadüf oldu. Hamı - “Qarabağ Azərbaycandır!” - deyirdi, mən fərqli ad axtarırdım. Kanala baxırdım kimsə dedi ki, “bu qayıdış möhtəşəm olacaq”. Qayıdış sözü beynimə yatdı. Adın elə qoydum. Qayıdış daha maraqlı və fərqli oldu.
“500 mil” adlı kompozisiyasını yeni aranjimanda ifa etdik. “500 mil” Chick Corea məxsusdur. Biz Eşqin Ağayev (piano) və Ruslan Hüseynov (bass gitar) ilə birlikdə proyekti yeni aranjimanda ifa etdik.
Daha sonra “Tuni mari” hind musiqisini tar ifaçısı Şakir Süleymanovla milli üslubda ifa etdik. Bakıda Hindistan günləri oldu. Xalq artisti Faiq Ağayev məni onlara tövsiyə etdi. Açlışda ifa etdim. “Tuni mari” mənə uğur gətirdi.
- Bu alət ilk dəfə 2000-ci illərdə yaranıb. Avropada çox məşhurdur. Azərbaycanda, sizcə, maraq hansı səviyyədədir?
- Maraq aşağı səviyyədədir. Aləti tanımırlar. Deyirlər bu nə alətdir. Mən çıxıb, küçədə ifa etsəm, tanıyanlar biləcəklər, tanımayanlar deyəcəklər ki, “kimdir bu yenə çıxıb”. Küçə musiqisinə maraq azalıb.
- Meditasiya və yoqa zamanı rahatlaşdırıcı musiqi kimi həndpəndən istifadə olunur. Sizə də təklif gəlibmi?
- Alət gəlib mənə çatandan sonra bir musiqi ifa edib, paylaşdım. Yoqa ilə məşğul olan bir xanım müraciət etdi ki, “biz sizi bəyəndik, istərdik ki, biz meditasiya edəndə gələsiniz”. Qəbul etdim. Mən ifa etdikcə onlar oturub, meditasiya edirlər. Alətin səsi onları çox sakitləşdirir.
- Tənqidlə qarşılanan ifanız olubmu?
- Tənqid də baxır kimdən olur. Təhqirə keçməyənə qədər tənqiddir. Təhqir etsə, iki qat cavabını alar. Tənqidi də başı çıxan etməlidir. Yalandan özünü ağıllı göstərənlərin dedikləri boşunadır. Dostlarım deyir ki, “son zamanlar heç nə yenilik yoxdur”. Dostlarımın dediyini nəzərə alacağam.
Bu günə qədər öz gücümlə çalışmışam. Sponsorum olmayıb. Bu dəqiqə beynimdə 10 proyekt var. Sadəcə vaxt yoxdur. Tələs-tələs istəmirəm. Tez bir zamanda yalandan nəsə yazıb, çəkdirə bilərəm. Amma istəmirəm. Keyfiyyətli iş çıxarmaq istəyirəm. Çıxarmasam, özümdən narazı olacağam. “Qarabağ qayıdış” kompozisiyamı indi də eşidəndə tüklərim biz-biz dayanır. Dinləyən zaman adam istəyir getsin döyüşə.
- Xarici ifaçılardan özünüzə örnək olaraq kimi görürsünüz?
- Bir çox dünya musiqiçilərini dinləyirəm. Onlardan çox şey öyrənirəm. Darbukada ifa edən Misirli Əhməd var. Özü türkdür. Hindistanlı Zakir Hüseyn var. Onlardan çox şey öyrənmək olur. Barmaqlarını müxtəlif cür hərəkət etdirirlər. Sonradan öyrəndiyim şeylər də var.
View this post on InstagramDaha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər