“Azərbaycanda dövlət mülkiyyətində olan bəzi müəssisələr ötən il mənfəət əldə etsələr də, dövlət büdcəsinə dividend ödəməyiblər”.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu il dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 15 milyon manatı “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC, 5 milyon manatı isə “AzərGold” QSC üzrə nəzərdə tutulub ki, bundan da 8 ay ərzində büdcəyə ödəniş olmayıb.
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) “Azər Türk Bank” ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 milyon manat, 2022-ci ildə 12,1 milyon manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dividend ödənişi həyata keçirilməyib ki, nəticədə bu il yanvarın 1-nə 14,7 milyon manat bölüşdürülməmiş mənfəət mövcud olub.
“Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılmasını, həmçinin “Azər Türk Bank”, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” və “AzərGold” tərəfindən dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik”, - deyə rəydə qeyd olunub.
Rəylər