Cari qanunvericilik gözəçarpan dəyişikliklərə gətirib çıxarmayacaq.
Məşhur “İnsanları tanıdıqca heyvanları daha çox sevirəm” ifadəsi özünü doğruldur.
KİV-də insan qəddarlığı ilə üzləşən heyvanlar barəsində məlumatların sayı gündən-günə artır – hardasa itin başı kəsilir, hardasa sahibsiz it diri-diri yandırılır.
Kuliminasiya nöqtəsi isə bu yaxınlarda Qubada itin başını kəsmələri yetmirmiş kimi, bu vəhşiliyi telefona çəkməyi də unutmayanlar oldu.
Bu qaniçənlərin tutulması sevindirici hal deyil, mövcud qanunvericiliyə görə onları yalnız cərimə edəcəklər. Heyvanlarla qəddar davranışa görə cərimənin məbləği artırıldığı üçün bu insan cildli məxluqlar 500-dən 1000 manata qədər cərimə ödəyərək canlarını qurtaracaqlar.
İndi isə bir qədər düşünək, bu onların psixologiyasını dəyişəcəkmi? Dilsiz-ağızsız heyvanlara zülm etməkdən çəkindirəcəkmi? Məncə, cavab hamıya məlumdur.
Zəif və köməksiz canlılara münasibət uşaqlıqdan aşılanır, bu isə valideynlər tərəfindən verilən nümunə üzərində qurulur. Bizdə isə bəzən insanlara qarşı qəddar davranırlar.
Cərimə də çox güman ki, bu cəmiyyət tör-töküntüsü olan, işsiz və evsiz varlıqların vəsaiti olmadığı üçün ödənməmiş qalacaq.
Ona görə də mövcud qanunvericilik, belə davranışa görə yalnız cərimə nəzərdə tutduğu üçün çətin ki gözəçarpacaq dəyişikliklərə gətirib çıxara. Bir çox Avropa ölkələrinin timsalında bizim də qanunvericiliyimizdə heyvanlara qarşı qəddar davranmaya görə cinayət məsuliyyətinə cəlb edilmə tətbiq edilməlidir.
Bizim cəmiyyət heyvanlarla sivil münasibəti qavramaq üçün uzun bir yol keçməlidir. Aramızda sahibsiz heyvanların taleyinə biganə qalmayan insanların olmaması sevindirici haldır. Bu insanlar heyvanlar üçün sığınacaqlar yaradır, və onları qədirbilən insanlara əmanət edirlər.
Amma dəqiq qanunverici baza olmadan onların səyləri bu məsələdə lazımi irəliləyişlərə gətirib çıxarmayacaq.
Ona görə də proqressiv ruhlu insanlar özünəməxsus fleş-mob keçirməyi qərara alıblar. Məqsəd ölkəmizdə sahibsiz heyvanların vəziyyətinə diqqət cəlb etməkdir.
Oxu.Az bu fleş-moba qoşulmaq qərarına gəlib. Və oxuculara “Biz heyvanlara qarşı qəddar davrananların cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarıyıq!”, “Heyvanlara qarşı qəddar davrananlar cinayət məsuliyyətinə cəlb olunsun!” aksiyasını təqdim edir.
Aliyə İsmayılzadə
www.oxu.az