Kubra Məhərrəmova yazır...
Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır!
İcra hakimiyyəti dövlət hakimiyyətinin üç qolundan biridir. O, bir-biri ilə sıx surətdə bağlı olan müəyyən dövlət orqanları sistemində təmsil edilir.
Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu, öz yerində. Lakin özümüzü tanıyandan bilirik ki, “İcranın” adı gələndə insanların canına vəlvələ düşür. Çünki nə qanunsuz iş var, çox vaxt İcranın başının altından çıxırdı.
İcra vətəndaş üçün nağıllardakı Div kimi bir personaja çevrilmişdi. Vurdu, yıxdı, tutdu, yedi. Və heç kim deməsin ki, bu belə deyildi.
İcra başçısının qəbuluna düşə bilmək az qala II Dünya Müharibəsində Berlinə qədər gedib çıxmaq kimi bir şey idi. Özləri bir yana, bu İcraların qohumları, övladları, katibə və sürücüləri də istədiklərini edir, min hoqqadan çıxırdılar.
Yollarda qəza törədən, qanunsuz ev tikən, qanunsuz “obyekt” işlədənlərin əksəriyyətinin bir ucu gedib İcra başçısına çıxırdı. Vətəndaş da dillənəndə “kimə şikayət edirsən, elə!” kimi hədə-qorxu gəlirdilər. Amma insafən deməliyik ki, aralarında bir-iki icra başçısı da var ki, vicdanla çalışırlar. Ən azı xalq onlardan şikayət etmir. Xalqın gözü isə əzəldən tərəzi olub.
Son illər gedən islahatlar, bir sıra icra başçılarının vəzifədən uzaqlaşdırılması kimi tədbirlər də öz nəticəsini verdi. İcra başçılarına birdən çatdı ki, sən demə, bu vəzifə dədələrinin deyil, dövlətindir. Oturduqları “kreslonu” da evdən gətirməyiblər. Ölkə başçısının yeni təyin etdiyi icra başçılarını qəbul etməsi və onlara birbaşa tapşırıq verməsi də hamıya mesaj idi. Siz xalqa xidmət edirsiniz!
II Hissə.
Günlərin bir günü icra başçısının saxlanılması xəbəri işıq sürəti ilə ölkəyə yayıldı. Gizli çəkiliş də onu sübut etdi ki, iş gedir. Özü də yüksək səviyyədə. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanması da yeni mesaj idi. Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da saxlanıldı.
Hər üçünə qarşı cinayət işi başlanıldı. Hadisənin səhəri günü isə İcraların şou-proqramı başladı. Şəhid anasının əlini öpən kim, sakinlərin ad gününə gedən kim, gül-dəstələri ilə qaziləri ziyarət edən kim, bütün bunların fotosunu çəkib paylayan kim. Müğənnilər yalan oldu, sosial şəbəkələri İcralar ələ aldı. Elə bil şəhid analarının üstünə çımxıran, qapıdan şikayətçiləri qovan bu qurumun əməkdaşları deyildi. Sanki dünənə kimi icrada çalışan başqa adamlar idi, bu gün başqa. Bir gecəyə beləmi dəyişər heyət? Möcüzə?!
Sonuncu məlumat da o oldu ki, sən demə, İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. İndi oğul istəyirəm ki, 124 manata kirayə ev tapsın qalmağa. Vallah, biz axtarsaq, tapmarıq. Yenə də İcra.
Prezidentin müsahibəsi.
Bir neçə gün əvvəl ölkə başçısı jurnalistlərlə görüşüb müsahibə verdi. Əsas mesajlardan biri də o oldu ki, İcra Hakimləri həqiqəti Prezidentdən gizlədir. Ancaq hər şeyin əla olması barədə hesabat verirlər. Ölkə başçısı da bildirdi ki, mənim hər şeydən xəbərim var. Maaş kartlarını mənimsəyib öz ciblərinə qoyduqlarından da, abadlıq işi adı altında fərdi biznes sahiblərindən alınan pullardan da, vətəndaşlardan müxtəlif əsaslarla rüşvət tələb etmələri də.
Prezident bildirdi ki, əgər məmur olmaq istəyirsənsə doğru-düzgün çalışmalısan. Məmur olub öz mənafeyini güdəcəksənsə, bədbəxt olacaqsan. Yekəxana olmaqla, təkəbbürlü davranmaqla uzağa getməyəcəksiniz. Vətəndaşlara yuxarıdan aşağı baxmaq olmaz. Dövlətə, millətə xidmət etməlisiniz.
Sonda.
2019-cu ilin sonunda baş verən hadisələr bir daha sübut etdi ki, dərəbəylik deyil. Baş verənlərdən hamı ibrət və dərs götürməlidir. Mübarizə daha ciddi olacaq. İcra başçılarından isə Yeni il şousu gözləyirik. Neçə gündür sakitlikdir. Yəqin, ciddi hazırlıq gedir.