Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi açıqlama verib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, İcra hakiminin birinci müavini Səməd İslamovun bildirdiyinə görə, yaxın günlərdə rayon icra hakimiyyətinin başçısı narazı “Sovetski” mənzil sahiblərini bir daha qəbul edəcək və ümumi təkliflər paketi hazırlanacaq.
“Mən aksiyada da sakinlərə dedim ki, sizin aranızda elə bir insan varmı ki, onun razılığı olmadan biz ona nəsə bir təzyiq etmişik və yaxud məcbur etmişik ki, biz sizin evinizi köçürdəcəyik məcburi surətdə? Heç kim! Ancaq o insanlar ki, razılaşıblar, biz onların pul vəsaitini artıq köçürmüşük. Və yenə də bir daha deyirəm ki, onların müraciətləri eşidildi. Biz bu barədə artıq bütün təkliflərimizi hazırlayırıq”, - deyə Səməd İslamov bildirib.
Xatırladaq ki, ötən gün Bakıdakı 173 saylı orta məktəbin qarşısında dinc etiraz aksiyası keçirən “Sovetski” sakinləri qarşısında Yasamal rayon İH başçısının müavini Səməd İslamov çıxış edib. S.İslamov çıxışı zamanı sakinlərə 50-100 nəfərlik qrup şəklində rayon İH və Maliyyə Nazirliyi təmsilçiləri ilə görüş təklif edib.