"Videoda əks olunan avtobus vətəndaşın bilet əldə etdiyi nəqliyyat vasitəsi deyil".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, məsələ ilə bağlı vətəndaşla əlaqə saxlanılıb.
"İlkin mərhələdə müəyyən anlaşılmazlıq yaranıb, lakin məsələ operativ şəkildə həllini tapıb.
Belə ki, vətəndaş növbəti avtobusa bilet əldə edib və həmin avtobus vasitəsilə də təyinat nöqtəsinə çatdırılıb", - deyə T.Orucov vurğulayıb.
Xaçmaz rayonunda şəhərlərarası sərnişindaşıma ilə bağlı narazılıq yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, onlayn bilet alan sərnişinlər 77-JM-411 dövlət qeydiyyat nişanlı avtobusa buraxılmayıblar.
Sərnişin bildirib ki, sürücü yalnız özünün satdığı biletlərin sahiblərinə avtobusa minməyə icazə verib, onlayn bilet əldə edənlərə isə yer olmadığını deyib.
"Onlayn bilet almışıq, amma bizi avtobusa buraxmırlar. Sürücü yalnız öz satdığı biletləri qəbul edir", - deyə sərnişin bildirib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.