Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
II və III ixtisas qrupları üzrə imtahanlarda niyə 700 bal toplayan olmadı?
Dünən II və III ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin qəbul imtahan nəticələri açıqlanıb. Nəticələrə görə, imtahanda heç kim maksimum - 700 bal toplaya bilməyib.
Belə ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 693,9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393,9 bal toplayıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692,5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu İlahə Rəşad qızı Məhərrəmzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392,5 bal toplayıb.
Qeyd edək ki, bu il buraxılış imtahanının iştirakçıları arasında 53 nəfər 300 bal toplayıb. Bir çox ekspert bir neçə abituriyentin bu il son illərdə qeydə alınmayan 700 bal toplayacağını proqnozlaşdırıb.
Onu da qeyd edək ki, I və IV qrupların nəticələri gələn həftə açıqlanacaq. Bundan başqa növbəti ay qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdi keçiriləcək.
Modern.az mövzu ilə bağlı təhsil eksperti Elçin Muradın fikrini öyrənib.
Ekspertin sözlərinə görə, buraxılış imtahanının ötən illərə nisbətən asan olması bu il həddən artıq abituriyentin yüksək bal toplaması ilə nəticələndi, yəni bir növ balans pozuldu:
"Birinci blok imtahanında isə keçən müsahibələrimdə də qeyd etdiyim kimi suallar çətin oldu. Birinci blok imtahanında III qruplarda ədəbiyyat fənni, II qruplarda isə coğrafiya fənni çətin oldu. Digər fənlər isə çətin, orta və asan olmaqla qaydasında bölüşdürüldü. Bu mərhələdə ölkə üzrə 700 bal toplayan olmadı, ən yüksək nəticə 692 bal oldu".
E.Murad bildirib ki, ikinci şans imtahanı da bu formatda olsa, həm plan yerlərinin artırılması, həm də blok imtahanlarında səviyyənin aşağı olması bəzi ixtisaslarda balların sabit, bəzi ixtisaslarda balların qalxmasına, bəzi ixtisaslarda isə balların enməsinə gətirib çıxaracaq:
"Yəni yekun olaraq belə deyim ki, ikinci şans imtahanının nəticələri də bilinəndən sonra daha dəqiq proqnozlar vermək yerində olar".