Hazırda dünyada yaşayan ən yaşlı insan hesab edilən britaniyalı Etel Katerhem özünün 117-ci doğum gününü qeyd edir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, London yaxınlığındakı Surrey qraflığında yerləşən qocalar evində yaşayan uzunömürlü qadın doğum gününü ailəsi və dostlarının əhatəsində keçirəcək.
Bu əlamətdar hadisə ilə əlaqədar Ginnesin Rekordlar Kitabı rəsmi açıqlama yayaraq, Katerhemin 117 yaşa çatmış ilk britaniyalı qadın kimi qəbul edildiyini bildirib. Uzunömürlülərin tədqiqi ilə məşğul olan beynəlxalq "Longevi Quest" təşkilatının rəhbəri Ben Meyersin sözlərinə görə, Katerhem sənədlərlə təsdiqlənmiş yaşına əsasən, tarixdə ən çox yaşamış insanların siyahısında 13-cü pillədə qərarlaşıb.
Britaniya sakini dünyanın ən yaşlı insanı titulunu 30 aprel 2025-ci ildə 116 yaş 326 günlüyündə vəfat etmiş braziliyalı rahibə İna Kanabarro Lukasdan sonra ələ keçirib.
Katerhemi həmçinin koronavirus infeksiyasına qalib gəlmiş dünyanın ən yaşlı şəxslərindən biri adlandırmaq mümkündür. O, 2020-ci ildə, 110 yaşında COVID-19-u məğlub edə bilib. Onun bacısı Qledis Bebilas da uzunömürlü olub: o, 2002-ci ilin martında 107 yaş 78 günlüyündə vəfat edib. Katerhem 97 yaşına qədər avtomobil idarə edib, ötən il isə Böyük Britaniya Kralı III Çarlz onu ziyarət edib.