Kardiocərrah Diana Rezer ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasını toplayaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytında məlumat verilib.
Bu, Diananın həmin sahədə qazandığı ikinci rekorddur. O, ilk dəfə 2010-cu ildə 775 əşyadan ibarət kolleksiya toplayaraq rekorda imza atıb. Lakin 2024-cü ildə ABŞ vətəndaşı Syuzan Uest 1 560 müxtəlif əşyadan ibarət kolleksiya ilə onun rekordunu yeniləyib.
Rekordunu itirməsinə baxmayaraq, Diana kolleksiya toplamağı dayandırmayıb. Bu ilin aprelində geyimlərini, zinət əşyalarını, sənət əsərlərini və ürək formasında olan digər əşyalarını yenidən sayıb. Nəticədə kolleksiyasındakı əşyaların sayı 3 200-ə çatıb.
Diana ürəkformalı əşyaları toplamağa təxminən 25 il əvvəl, tibb fakültəsində təhsil aldığı dövrdə başlayıb. Hazırda onun kolleksiyasında ürəkformalı gün eynəklərindən avtomobil hava təravətləndiricilərinə, saç aksesuarlarından ətir və sabunlara, geyimlərdən məişət əşyalarına qədər müxtəlif nümunələr var. Hətta onun bədənində ürək formasında altı döymə də mövcuddur.
Kolleksiyanın böyük hissəsi Diananın evində və iş otağında saxlanılır.
Kolleksiyasında hansı əşyanın çatışmadığı barədə suala cavab verən Diana "Əbədiyyət ürəyi" (Heart of Eternity) adlı brilyantın adını çəkib. 27.64 karatlıq bu nadir qiymətli daşın dəyərinin ən azı 16 milyon dollar olduğu bildirilir. O, ürək formasında olan nadir mavi brilyantlardan biridir. Lakin hazırkı sahibinin kimliyi və dəqiq qiyməti məlum deyil.