İtaliyalı Lusiya Sabrina Papa dünyanın ilk görmə məhdudiyyətli qadın pilotu olub. O, müxtəlif növ hava gəmilərində ümumilikdə 200 saatdan çox uçuş həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, Lusiya Sabrina Papa torlu qişa xəstəliyi səbəbindən anadangəlmə görmə məhdudiyyətinə malikdir.
Uşaqlıqda Qalatina şəhərində hərbi aerodromun yaxınlığında yaşayan Papa həmişə səmada uçmağı arzulayıb. Lakin uzun müddət bu arzusunu reallaşdırmaq onun üçün əlçatmaz görünürdü.
İnformasiya texnologiyaları sahəsində təhsil alan və bu sektorda çalışan Papa 2016-cı ildə uçuşlarla maraqlanmağa başlayıb. Əvvəlcə təyyarələrdə sərnişin kimi uçub. Daha sonra təlimatçısı ona toxunma hissindən istifadə edərək təyyarəni idarə etməyi öyrədib.
Pilotlar onun üçün xüsusi sistem hazırlayıblar. Bu sistem vasitəsilə Papa cihazların göstəricilərini və təyyarənin vəziyyətini toxunma hissi ilə müəyyən edə bilir.
Təlimlər zamanı Lusiya Sabrina Papa "Cessna 152", "Cessna 172", eləcə də "Extra EA-200" akrobatik təyyarəsini idarə edib. O, helikopter idarə etməyi də sınayıb, lakin təyyarələrə daha çox maraq göstərdiyini anlayıb.
56 yaşlı qadın bütün uçuşlarını vəziyyətə nəzarət edən təlimatçının müşayiəti ilə həyata keçirir.
Qeyd edək ki, Papa 2024-cü ildə "Görünməyənə doğru uçuş" ("Flying into the Invisible") adlı avtobioqrafik kitabını nəşr etdirib.