Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayan 70 yaşlı Hasan Güngör sinəsində qaşınma şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı ona döş xərçəngi diaqnozu qoyulub.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, şiş erkən mərhələdə aşkarlanıb və uğurlu əməliyyat nəticəsində götürülüb.
Döş xərçənginin kişilərdə də yarana biləcəyini bilmədiyini deyən Hasan Güngör erkən diaqnozun vacibliyini vurğulayıb.
"Döş xərçəngi olduğunu eşidəndə təəccübləndim. Kişilərdə də bu xəstəliyin yarana biləcəyini bilmirdim, heç vaxt belə bir şey eşitməmişdim. Kişilər bu xəstəliyin özlərində də ola biləcəyini düşünmürlər. Sinədə sərtlik və digər əlamətlər yarananda bunu ciddi qəbul etmir, öz-özümüzə ‘necə olsa, keçib gedər" deyirik. Amma belə deyilmiş. Nə qədər tez diaqnoz qoyulsa, müalicə də bir o qədər asan olur. Kişilər sinələrində hər hansı sərtlik və ya dartılma hiss etdikdə buna laqeyd yanaşmamalı, mütləq həkimə müraciət etməli və vaxt itirmədən müayinədən keçməlidirlər", - deyə Hasan Güngör bildirib.
Xəstəsinin müalicəsi barədə danışan ümumi cərrahiyyə mütəxəssisi Arda Işık qeyd edib ki, döş xərçəngi qadınlarla müqayisədə kişilərdə xeyli az rast gəlinir. Onun sözlərinə görə, hər 100 qadında rast gəlinən bu xəstəlik təxminən bir kişidə müşahidə olunur.
"Kişilərdə xəstəlik daha gec mərhələdə aşkarlana bilər. Çünki ‘kişilərdə döş toxuması yoxdur, deməli, xərçəngə tutulmaq ehtimalı da yoxdur" kimi yanlış fikir mövcuddur. Bu da xəstəliyin gec aşkarlanmasına səbəb ola bilər. Kişilərdə döş xərçənginin simptomları qadınlardakı əlamətlərlə demək olar ki, eynidir. Bunlara döş giləsinin arxasında şişkinlik, qızartı, döş giləsindən qan gəlməsi, qabıqlı səpgi və qoltuq altında hiss edilən şişkinlik daxildir", - deyə Arda Işık qeyd edib.