Çinin şərqində yaşayan kişi "Subaylar Günü" (11.11) endirimləri zamanı cəmi 11 yuana (təxminən 1.7 dollar) mənzil əldə edib.
Oxu.Az "South China Morning Post" (SCMP) qəzetinə istinadən xəbər verir ki, kişi ölkənin şimal-şərqində yerləşən Heyluntszyan əyalətində 68 kvadratmetrlik, ikiotaqlı mənzil alıb.
Mənzil yeddimərtəbəli binanın sonuncu mərtəbəsində yerləşir və "Alibaba Auction" platformasında hərraca çıxarılıb. Mənzilin ilkin qiyməti 1 yuan, maksimal təklif məbləği isə 11 yuan müəyyən edilib. Hərracda 1 600-dən çox şəxs iştirak edib.
Alıcı 11 yuanlıq təklifi ilk verən şəxs olduğu üçün mənzilə sahib çıxıb. Bununla belə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün təxminən 300 dollar məbləğində məcburi vergi ödəməli olacaq. Mənzilin alış qiymətini isə platforma qarşılayıb.
Kişi Heyluntszyan əyalətinə köçməyi planlaşdırmadığını, yeni mənzildən qış aylarında arabir istirahət etmək üçün istifadə edəcəyini bildirib.
Qeyd edək ki, Çində hər il noyabrın 11-də qeyd olunan "Subaylar Günü" tarixdə dörd vahidin (11.11) olmasına əsaslanır. Son illərdə bu gün böyük onlayn və ənənəvi satış kampaniyalarına çevrilib.