Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
Oxu.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca təqdim olunan obyekt 6 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0.06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda "GreenPark" adlı hotel kimi fəaliyyət göstərən obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Tikilinin ilkin bazar qiymətinin isə 6 milyon 543 min 400 manat olduğu bildirilir.
Xatırladaq ki, qeyd olunan binada daha əvvəl "İrşad" adlı hotel də fəaliyyət göstərib. Bu otelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən inşa olunduğu bildirilir. Hazırda "İrşad" İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir.
Məlumat üçün onu da bildirək ki, bir neçə il əvvəl Rafiq Əliyev ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında tikinti ilə bağlı qalmaqal yaşanıb. Rafiq Əliyev iddia edib ki, Nəsimi Rayon İcra Hakimiyyəti Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən "İrşad" hotelinin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olub. Rafiq Əliyev hətta iddia edib ki, icra hakimiyyəti ondan tikintiyə icazə üçün 300 min manat rüşvət tələb edib. Daha sonra mətbuata verdiyi başqa bir açıqlamada mediada işıqlandırılan məlumatlardan sonra tikinti işlərinə icazə verildiyini nəzərə çatdırıb.
Bundan başqa, "İrşad" hoteli ilə bağlı daha bir qalmaqallı məlumat Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salih tərəfindən səsləndirilib. Onun iddiasına görə, 1996-cı ildə Bakıda namizədlik dissertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt onlar Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Bildirilir ki, obyekt fəaliyyətə başladıqdan sonra İsa Məhəmməd Salihə 2 il ərzində gəlirlərdən pay verilib. Lakin Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduqdan sonra dubaylı iş adamı ilə əlaqələri kəsib və ona heç bir ödəniş etməyib.