Pax Turcica hərəkatının hər il keçirdiyi hərəkat nəticəsində Amerikanın İndiana ştatının baş Assambleyası 28 may tarixini Azərbaycanın Respublika günü kimi tanıması barədə rəsmi bəyanat dərc edib.
Bu barədə Oxu.Az-a Amerikada yaşayan azərbaycanlıların icmasından məlumat verilib.
Ştatın nümayəndəsi Şeyla Klinker tərəfindən imzalanan bəyanatda Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü tanınır və Amerikada yaşayan azərbaycanlıların icmasını əslən Azərbaycan Demokratik Respublikasının nümayəndələri tərəfindən təsis edilmiş erkən icmalardan biri adlandırılır.
Amerikada yaşayan azərbaycanlıların icması Pax Turcica hərəkatının üzvü Met Sozenə bu bəyanatın əldə edilməsində göstərdiyi vasitəçiliyə görə təşəkkürünü bildirir.
Bu, İndiana ştatında amerikalı azərbaycanlılar tərəfindən əldə edilən artıq ikinci yüksək səviyyəli tanımadır. 2009-cu ildə icma üzvü İndiana ştatının Bluminqton şəhərində Azərbaycanın Respublika gününün tanınmasına nail olmuşdu.
