İranda səhiyyə xidmətlərinin bahalaşmasının səbəbi Azərbaycandan olan xəstələrin bu ölkəyə çox getməsi ilə bağlı deyil.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Ərdəbil Ticarət Palatasının Mətbuat konfransında Ərdəbillə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi barədə danışan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi bildirib.
Onun sözlərinə görə, bu, sırf iqtisadi məsələlərlə bağlıdır:
“İran dərman preparatlarının hazırlanması üçün xammalı Avropadan alır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha qiymətə idxal edildiyindən ölkədə səhiyyə qiymətləri 3 dəfə bahalaşıb. Bunun səbəbini İranda müalicəyə gələn azərbaycanlılarla bağlamaq düzgün deyil.”
H.Pirmozəyi, həmçinin bildirib ki, ölkə qanunlarına görə, İran öz vətəndaşları üçün səhiyyə müəssisələrindən istifadəyə görə subsidiyalar verir və onlara dövlət tərəfindən xüsusi güzəştlər olunur. Xarici vətəndaşlar üçün isə müalicəyə görə ayrı-ayrı qiymətlər mövcuddur:
“Ərdəbil Ticarət Palatası olaraq, təklif edirik ki, hər iki ölkənin Ticarət Palatalarının birgə təşkilatçılığı ilə Bakıda xüsusi mərkəz yaradılsın. Bu mərkəzdə qəbul edilən xəstələr sığortalandıqdan sonra İranın müxtəlif yerlərinə müalicəyə göndərilsin. Belə olan halda İrana müalicəyə gedən Azərbaycan vətəndaşlarının heç bir əlavə xərcləri çıxmayacaq və bizim vətəndaşlarla eyni hüquqlu müalicə almaq imkanları olacaq.”