Sosial şəbəkələrdə İsmayıllı rayonundan maraqlı videogörüntülər yayılıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, rayonun icra başçısı Mirdamət Sadıqov ölkə prezidenti İlham Əliyevin İsmayıllıya gələcəyini nəzərə alaraq onun keçəcəyi yollardakı ağacların gövdəsinin ağardılması barədə göstəriş verib. Ancaq yerli məmurlar ağacların yalnız Prezidentin görə biləcəyi ön hissələrini ağardıblar.
Bununla bağlı, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mətbuatda və sosial şəbəkələrdə prezidenti aldatmaq məqsədi ilə ağacların yarısını ağartdırması haqda yayılan xəbərlərə münasibət bildirib.
M.Sadıqov virtualaz.org saytına açıqlamasında bu xəbərlərin yalan olduğunu və kimlər tərəfindənsə məqsədli şəkildə edildiyini deyib:
“Həmin görüntüləri biz də izlədik. Həmin görüntülərin çəkildiyi yer Buynuz kəndinə gedən yolda, meşə ərazisindədir. Sahibkar Mahmud İsmətov Meşə İdarəsi ilə bağlanılan müqavilə ilə həmin ərazidən yer götürüb. Orada ət dükanı açmaq niyyətindədir. Biz həmin şəxslə də əlaqə saxladıq. O bildirdi ki, yağış yağdığından görülən işləri yarımçıq saxlayıb. Sonra kimsə məqsədli şəkildə bu görüntüləri lentə alıb”.
M.Sadıqov prezidentin rayona səfəri çərçivəsində ağacların ağardılması ilə bağlı ümumiyyətlə heç bir göstəriş vermədiklərini də söyləyib:
“Cənab prezidentin İsmayıllıya gələcəyi haqda bizdə məlumat yoxdur. Ölkə başçısı rayonumuza səfər edərkən belə, icra hakimiyyəti tərəfindən ağacların ağardılması haqda göstəriş verilmir. Hansısa idarə və ya sahibkar öz ərazsində olan ağacları ağardırsa, bu, onların şəxsi işidir. Bir məsələni də qeyd edim ki, ölkə başçısı rayonumuza səfər etsə belə, həmin ərazidən keçməyəcək.
Çünki o yol İsmayıllı magistralından çox kənardadır. Bir daha demək istəyirəm ki, mətbuatda yer almış bu cür xəbərlər doğru deyil. Xüsusən də mənim şəklimi qoyaraq bu işin guya bilavasitə mənim tərəfimdən edildiyini yazmaq. Bir sözlə, kimlərin etdiyini bilmirəm, amma məqsədli şəkildə edildiyi aydındır”.