Bəzi məktəblərdə sinif otaqlarının qızdırılması üçün qatran qarışımlı pelletdən istifadə edildiyi və bunun təhlükə saçdığı iddia olunur.
İddialara görə, qapalı mühit hesab olunan məktəblərdə bu yanacağın yandırılması zamanı insan orqanizmi üçün son dərəcə ziyanlı qaz qarışığı, xüsusilə karbonmonoksit əmələ gəlir.
Bildirilir ki, qatran tüstüsünün tərkibində olan maddələr damarları daraldır, təzyiqi yüksəldir, ürək-damar və sinir sisteminə mənfi təsir göstərir, başgicəllənməsi, baş ağrısı, halsızlıq və ürək bulanmasına səbəb olur. Uzunmüddətli məruz qalma ağciyərlərdə xroniki problemlər yaradaraq toxumaların, tənəffüs yollarının zədələnməsinə, kanserogen maddələrin orqanizmə daxil olmasına, astma və bronxitin şiddətlənməsinə gətirib çıxarır.
Həm müəllimlər, həm də şagirdlərin bu yanacaqdan narazı olduğu və artıq bir çoxunun səhhətində problemlər yarandığı iddia edilir.

Hətta sosial mediada paylaşılan görüntülərin birində yanacağın yandıqdan sonra tüstüsünün sinif otağına dolduğu qeydə alınıb.
Maraqlıdır, bəs görəsən, sözügedən yanacaq növü həqiqətən təhlükəlidirmi? İnsan sağlamlığına hansı zərərləri var?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Radiasiya Problemləri İnstitutunun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov qeyd edib ki, görüntüdə yer alan soba üçün tüstü bacası düzgün quraşdırılmayıb və yanma tam getmir:

"Odur ki, tüstü otağa dolur. Növündən asılı olmayaraq, istənilən yanacaq istifadə olunarkən tüstünün, ayrılan qazların otağa dolmasının qarşısı alınmalıdır. Qeyd olunan qatran qarışımlı pellet yanacağı yanarkən daha çox istilik verdiyindən görünür, onun istifadəsinə maraq var. Həm də bu yanaşma ilə ağacların və bütövlükdə ətraf mühitin qorunmasına çalışılır. Qatran qarışımlı pellet yanacağı yandırılarkən karbonmonoksid (CO), kükürd oksidləri (SOx) və polisiklik aromatik karbohidrogenlər (PAH) ayrılması mümkündür. Odur ki, sobalar standartlara uyğun quraşdırılmalı və tam yanma təmin olunmalıdır".
Tibb elmlər doktoru, professor Adil Qeybulla Oxu.Az-ın sualına cavab olaraq bildirib ki, qatran qarışımlı pellet yanacaq yandığı zaman yaranan polisiklik aromatik karbohidratlar birbaşa kanserogen maddədir:

"Əvvəllər məktəblərin qızdırılması üçün odundan, daş kömürdən istifadə olunurdu. Daş kömürün, odunun yanması zamanı dəm qazı əmələ gəlir, lakin bu çölə çıxanda hər hansı problem yaratmırdı. Amma qatranlı maddələri daşıyan hər hansı yanacağın məktəblərin qızdırılmasında istifadə olunması məqsədəuyğun deyil. Çünki qatranın yanması zamanı əmələ gələn və uşaqların nəfəs borusuna daxil olan polisiklik aromatik karbohidratlar kanserogen təsirə malikdir.
İstənilən tüstünün təbii ki, bronxlar üçün zərərli təsirləri olur. Məhz bu yanacaq növü uşaq orqanizmi üçün çox təhlükəlidir. Ona görə də otağın havası təmiz olmalıdır. Ümumiyyətlə, uşaqların dərsi qavraması, normal fəaliyyəti, inkişafı üçün sinif otağı geniş, təmiz olmalıdır. Gigiyenik qaydalar var. Gigiyenik qaydaların pozulmasına gətirən istənilən amillər qadağan olunmalıdır".
Aygün Mirakif