2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Bu barədə Oxu.Az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
Bildirib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 000-ə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.
Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb. Bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.
“Azəristiliktəchizat” ASC tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən:
- İstehsal edilmiş isti suyun satışı;
- İstehsal edilmiş istiliyin satışı;
- Abonent məlumatlarının dəyişdirilməsi;
- Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi;
- Borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi;
- Əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması;
- İsti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət;
- İsti su sayğaclarının quraşdırılması üçün müraciət;
- İstilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi;
- Qeyri-əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir.
Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəsələrində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün tədbirlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.