Nazirlər Kabineti “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” və “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”na dəyişikliklər edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na edilmiş dəyişikliyə əsasən, istintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib-aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər.
Dəyişikliyə əsasən, bundan sonra həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçiriləcək.
“Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”na əsasən, indiyə qədər hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli üçün tutulmuş şəxs ən geci 7 gün, digər hallarda isə tutulma anından ən geci 48 saat keçənədək (bu müddətdə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul olunmadıqda) müvəqqəti saxlama yerində saxlanılıb.
Dəyişiklikdən sonra tutulma müddətinin uzadılması barədə qərar qəbul olunmadıqda da hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli üçün tutulmuş şəxs ən geci 7 gün, digər hallarda isə tutulma anından ən geci 48 saat keçənədək müvəqqəti saxlama yerində saxlanılacaq.