Heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını sürətləndirmək məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) vəsait ayrılıb.
Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, cəmiyyət həmin vəsait hesabına xaricdən cins damazlıq heyvanlar gətirərək məhsul istehsalçısı olan hüquqi və fiziki şəxslərə müəyyən olunmuş qaydalara uyğun olaraq 50% güzəştli şərtlərlə satacaq.
Qaydalara uyğun olaraq güzəştli şərtlərlə cins damazlıq heyvanları satın almaq istəyən hüquqi və fiziki şəxslərdən ətlik, südlük və s. cinsi, sayı və baytarlıq tələbləri göstərilməklə sifariş vermələri xahiş olunur. Sifarişlər damazlıq heyvanların dəyərinin 10%-i ödənildikdən sonra Səhmdar Cəmiyyəti tərəfindən qeydiyyata alınacaq.
Nazirlik satın alınacaq heyvanların yerində seçilməsində sifarişçilərin iştirak etməsində maraqlı olduğunu bildirib və qeyd edib ki, Sifarişçilərin arzularına uyğun olaraq onların seçim prosesində iştirakı təmin olunacaq.