“Mediada yayılan məlumatlar yalandır. Bizim övladımızın nəşini gətirmək üçün pula ehtiyacımız yoxdur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Sərkər Almasovun atası Əsgər Almasov deyib.
O bildirib ki, həmin kampaniya oğlunun dostları tərəfindən sadəcə mənəvi dəstək üçün başladılıb:
“Biz onun oradakı dostları ilə əlaqə saxladıq ki, nə qədər vəsait lazımdırsa, göndərək. Onlar isə, “hər şeyi biz özümüz edəcəyik, xahiş edirik, bu işə qarışmayın, nəşi göndərəcəyik, bu, bizim borcumuzdur, siz arxayın olun”, - dedilər. Yəni həyat yoldaşının imkansızlıqdan kampaniya başlatdığı iddiası yalandır. Xaricdə belə şeylər adətdir, pula ehtiyac yoxdur. Bizim saytlar isə yazır ki, ailənin pula ehtiyacı var. Biz belə şeyləri görüb çox pis olduq. Oğlum həyat yoldaşı ilə iki il əvvəl, 28 avqustda nikaha daxil olub, bir il əvvəl isə toyları olub. Hadisənin baş verdiyi gün də evlilik ildönümlərini qeyd edirmişlər. İtaliya saatı ilə 4-də bu hadisə baş verib. Sentyabrın 2-si saat 10 civarında isə tapıblar”.
Qeyd edək ki, Çex Respublikasında yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almasov avqustun 28-də İtaliyada bədbəxt hadisə nəticəsində vəfat edib.
Belə ki, həmyerlimiz həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almasov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb. Mediada isə həyat yoldaşı Helenanın Sərkərin cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə topladığı yazılıb.
Sayad Həsənli
14:56
Çex Respublikasında yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almasov İtaliyada bədbəxt hadisə nəticəsində həlak olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 28-də qeydə alınıb.
Belə ki, həmyerlimiz həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almazov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb.
Məlumata görə, cütlük qayıqla səyahət edərkən onların iti Baddinin oyuncağı suya düşüb. Sərkər sözügedən oyuncağı götürmək üçün suya tullanıb və qəfildən suda müvazinətini saxlamaqda çətinlik çəkib. O, kömək üçün qışqırmağa başlayıb. Bunun ardınca isə Helena həyat yoldaşına kömək etmək üçün suya atlayıb. O, Sərkəri sakitləşdirməyə və suyun üzərində tutmağa çalışıb. Lakin Sərkər həyəcanlanmağa və daha çox çırpınmağa başladıqda Helena onu nəfəs alması üçün suyun üzərində tutmaqda çətinlik çəkib.
Bildirilir ki, Sərkər suyun altına getdikdə son olaraq Helenanın ayağından tutub. Lakin Sərkər həyat yoldaşını da suyun altına çəkməmək üçün ayağını buraxıb və ardınca suyun dərinliklərinə gedib. Qadın isə bir müddət suyun üzərində qaldıqdan sonra başqa bir qayıq tərəfindən xilas olunub. S.Almasovun meyitinin hadisədən 5 gün sonra tapıldığı bildirilir.
Onun həyat yoldaşı Helena Sərkərin cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə toplayır. Belə ki, bu bahalı proseduru həyata keçirmək üçün ailənin maddi imkanları məhduddur və sığorta tərəfindən qarşılanmır. Hazırda S.Almasovun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.