Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax avtomobil yolunda baş verən qəza barədə açıqlama verib.
İdarənin İctimai qurumlarla əlaqə şöbəsindən Oxu.Az-a bildirilib ki, Bakı-Qazax avtomobil yolunda eyni istiqamət üzrə hərəkət edən “Mercedes-Benz” markalı 90-OA-742 və ZİL markalı 05-BC-197 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes-Benz”də olan üç sərnişin xəstəxanaya yerləşdirilib. Digərlərinə də ilkin tibbi yardım göstərilir. Hadisə zamanı ölən yoxdur”.
Qurumdan qeyd edilib ki, ilkin ehtimala görə, ZİL manevretmə qaydasını pozub və “Mercedes-Benz” ona çırpılıb.
11:12
Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, - deyə qurumdan bildirilib.
10:52
Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxın şəxs xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax-Gəncə istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu ilə “QAZel” markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Onlar xəstəxanaya çatdırılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət