Sosial şəbəkələrdə paylaşılan videolarda polislə zarafat etmək fikri varsa və ya polisi gülüş obyektinə çevirmək istənilirsə, bu yaxşı hal deyil.
Oxu.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev Qafqazinfo-ya müsahibəsində deyib.
Kamran Əliyev vurğulayıb ki, Azərbaycan polisini məsxərəyə qoyan şəxs qanuna hörmət edən adam ola bilməz:
“Yolda hər növ insan var. Demək olar ki, ən çox cinayətlərin üstü də yolda açılır. İnspektor təkcə normal hərəkət iştirakçısı ilə qarşılaşmır. Hərəkət iştirakçısı ziyalı da, cinayətkar da, tüfeyli həyat sürən də ola bilər. Dəfələrlə olub ki, yol polisi cinayətkar ünsür tərəfindən qətlə yetirilib. Cinayətkarın gülləsinə tuş gəlib, ya qaçırılımış avtomobili saxlayarkən ciddi xəsarət alıb. Yəni belə hallar olur. Polis insanların təhlükəsizliyinin keşiyində duran xidmətlərdən biridir. Bu gün insanların rahat yatmasında da, gecə gəzməsində də heç bir narahatlıq yoxdur. Bir çox ölkələri biz müqayisə etsək görərik ki, ən təhlükəsiz yaşamalı ölkələrdən biri Azərbaycandır. Burada da polisin xüsusi xidmətini qeyd etmək lazımdır. Bu gün Azərbaycan polisini məsxərəyə qoyan şəxs qanuna hörmət edən adam ola bilməz. Polisə hörmət etməmək qanuna hörmət etməməkdir. Gec-tez elə adamlar hərəkətlərinə görə öz layiqli cəzasını özü tapır. Onlar da bu xalqın övladlarıdır və yeri gələndə Azərbaycan Polisi vətəndaşın təkcə canının deyil, hətta əmlakının qorunması yolunda öz canından, qanından keçir”.
Şöbə rəisi Daxili işlər naziri Ramil Usubovun cərimə ballarının ləğv olunması təklifinə də aydınlıq gətirib:
“Bəli, belə bir təklif cənab nazir tərəfindən verilib. Amma hələ ki, bununla bağlı qanunvericiliyə dəyişiklik olunmayıb. Sürücülərin diqqətinə çatdırım ki, ballar qüvvədədir. Balla qiymətləndirilən qayda pozuntusuna yol verən şəxslər, əlbəttə ki, cərimə olunmaqla yanaşı onlara bal da yazılır. İl ərzində 12 və ya daha çox bal toplayan sürücünün sürücülük hüququ iki aydan bir ilədək məhdudlaşdırılır. Ballarla da bağlı qanunvericilikdə dəyişiklik olarsa, bu barədə də ictimaiyyətə əlavə məlumat verəcəyik”.