Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Timur” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb.
Həmin şadlıq sarayını icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 4 000 manat məbləğində cərimə olunub.

Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşları tərəfindən rayonun Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində də qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Əhmədov və qonaqları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qaralı kənd sakini Muxtar İsmayılovun yaşadığı evin həyətində təşkil etdiyi toy məclisində iki nəfər qonağın vaksinasiyadan keçmədiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən ev sahibi və qonaqlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
:640.jpeg)