Kazanda “Rusiya tələbə gözəli” adlı istedad, zəriflik və aktyorluq bacarığına görə müsabiqənin finalı baş tutub.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qran-pri Novosibirsk Dövlət İqtisadiyyat və İdarəçilik Universitetinin tələbəsi Anastasiya Klimenkoya təqdim edilib.
Anastasiya Klimenko üçün bu müsabiqə birinci deyildi. Daha öncə o, “Bahar gözəli - 2010” müsabiqəsinin qalibi və “Miss Universitet - 2013” müsabiqəsinin iştirakçısı olub.
“Rusiya tələbə gözəli” müsabiqəsi Rusiyada noyabrın 21-dən 24-ə qədər keçirilib. Müsabiqənin finalında 25 regiondan 43 qız iştirak edib. Müsabiqədə iştirak etmək üçün müsabiqənin ali məktəb və ya regional mərhələsində qalib olmaq lazım idi, eləcə də qiymət cədvəlində son iki semestrdə dörddən aşağı qiymət olmamalıdır.
Ümumrusiya Gənclər Təşkilatının sədri P.Krasnoruskinin sözlərinə görə, bu il müsabiqə ölkə miqyasında keçirilib. Münsiflər iştirakçıları gözəllik, zəriflik, hazırcavablıq və intellektə görə qiymətləndiriblər.
Aytən Sadıqzadə