"1993-cü il avqustun 23-də övladlarımla birlikdə Cəbrayıl rayonunun Soltanlı kəndini tərk etmişik. Bu gün 71 yaşımda doğma torpağıma qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bizə bu sevinci yaşadan prezidentimizə təşəkkür edirəm".
Bunu Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün Vahimə Hüseynova deyib.
O bildirib ki, məcburi köçkün düşəndən sonra Hacıqabul rayonunda məskunlaşıblar:
"Lakin həyat yoldaşım Ağdam uğrunda gedən döyüşlərdə iştirak edirdi. Həmin döyüşlərdə də şəhid oldu. Cəbrayılla bağlı çoxlu xatirələrim var. Bu gecə sevincimdən yatmamışam ki, Cəbrayıla qayıdırıq. Azad ediləndən sonra ilk dəfədir Cəbrayıla gedirəm, həm də birdəfəlik".