Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən yararlanmaq istəyən vətəndaşlar üçün yeni şərtlər müəyyənləşdirilib.
Oxu.Az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tətbiq edilən mexanizmin qaydalarına dəyişikliklər 2026-cı il oktyabrın 1-dən qüvvəyə minib.
Dəyişikliklərə əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş şəxs müqavilə bağlandığı tarixdən üç il keçdikdən sonra öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürən şəxslər isə bu mexanizmdən həmin tarixdən beş il sonra təkrar yararlana biləcəklər.
Yeni qaydalara əsasən, müraciət zamanı İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar da satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalana biləcəklər.
Bundan başqa, ərizəçilərin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər də yenilənib. Belə ki, yalnız kredit tarixçəsi "müsbət" və ya "qənaətbəxş" qiymətləndirilən şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq tətbiq edilən mexanizm şəxsi yığımları kifayət etməyən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
2020-2026-cı illər ərzində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək mexanizm çərçivəsində 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Qaydalardakı dəyişikliklərlə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.