Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə həyata keçirdiyi “Səyyar kitabxana” layihəsinə start verilib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində portativ kitabxana kimi fəaliyyət göstərən xüsusi yük maşını bütün rayonları gəzərək Bakıya qayıdacaq.
Layihənin məqsədi paytaxt və ölkənin regionlarında yaşayan gənclərin kitaba olan marağının artırılmasıdır.
Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, layihə həm də maarifləndirici xarakter daşıyır, çünki onlar bu yolla regionlarda yaşayan gəncləri dünya klassiklərinin və Azərbaycan müəlliflərinin yeni əsərləri ilə tanış etmək istəyirlər.
“Keçən il bu layihə çox böyük uğur qazandı və bu səbəbdən də bu il də davam etdirməyə qərar verildi”, - o deyib.
Nazir müavini qeyd edib ki, bu gün start götürən layihə, cari ilin noyabr ayına qədər davam edəcək və Azərbaycanın 15 rayon və şəhərini əhatə edəcək.