Kubra Məhərrəmova yazır...
Artıq 22 yaşı var. Özünə görə görünüşü var. Amma gözəl demək olmaz ona.
Çox kasıb ailədə göz açmışdı. Kasıblıqdan başqa, ailə normal deyildi. Böyük qardaşı içkiyə qurşanmışdı, kiçiyi başını götürüb getmişdi. Heç kim bilmirdi, haradadır. Ana-atası da elə-belə, yaşayırdılar.
Gözünü açandan özünə söz vermişdi ki, bu kasıblıqdan canını qutaracaq. Amma necə? Açığı, nəsə oxumağa, öyrənməyə başı yox idi. Yəni özü də anlayırdı ki, özünü öldürsə belə, bir şey alınmayacaq. Bəs nə etməli? Axı kasıb yaşamağı özünə layiq bilmirdi. Xəyallarında çəhrayı şahzadə kimi yaşamaq istəyirdi.
Günlərin bir günü çəhrayı şahzadə gənclərin əyləndiyi kluba gəldi. Heç vaxt belə yerlərdə olmayan şahzadə buradakı insanlardan qorxmadı. Çünki bu cür sərxoş, qeyri-etik danışan adamlardan öz evində görürdü hər gün. Bura ona doğma gəldi. Onu bura gətirən rəfiqəsinə çox minnətdar idi. Bir az içki, bir az siqaret, bir az qəlyan. Hər şey onun gözünə daha gözəl görünməyə başladı.
Artıq xəyalında ona bağışlanacaq bahalı maşınla şəhərin küçələrində şütüyürdü. Xəyalından onu rəfiqəsi oyatdı. Ay qız, oyan! Bax, gör, o yaraşıqlı oğlan sənə necə baxır. Əfəl olma, hərəkət elə. Amma gic olma, pul al ondan. Heç olmasa hesabı bağlasın bizim üçün. Hm, həqiqətən də, yaraşıqlıdır. Niyə də yox?!
Yaraşıqlıya əl elədi, yanına çağırdı. Xoş-beş, on beş və məsələ həll olundu. Yaraşıqlı hesabı bağladı və qızlarla klubdan çıxdı. Şahzadə bahalı maşında yaraşıqlının yanında şəhərin gecəsini seyr edirdi. Hər şey istədiyi kimi alındı. İlk dəfədən imkanlı qaqaş tutmuşdu, deməli, rəfiqəsinin dedikləri doğru idi.
“Bir-iki dəfə görüşəndən sonra elə elə ki səndən başqa heç kimi görmək istəməsin. Hər yerə səninlə getsin. Hər gün qısqanclıq səhnələri oyna, onu necə sevdiyini göstər. Yalandan qışqır-bağır sal, onlar belə şeyləri sevir. Telefonunu yoxla, qabaqcadan özünü göstər”.
Çəhrayı şahzadə bu sözləri vurma cədvəli kimi əzbərləmişdi. Düşünürdü ki, planı baş tutacaq və yaraşıqlı onun bütün arzularını həyata keçirəcək. Amma səhər açılanda yaraşıqlı çəhrayı şahzadə üçün taksi sifariş elədi. Ünvanı soruşanda xeyli güldü. Hara? Ay qız, sən lap kənddə qalansan ki? Axaxaxaxa. Gəl, ay qız, bu da sənin taksi pulun. Hə, buna da özünə bir şey alarsan. Di get, vaxtım yoxdur. Taksi gəlib.
Və beləcə, “çəhrayı şahzadə”nin maraqlı həyatı başladı. Hər gecə müxtəlif məkanlarda qəlyan və içki qonaqlıqlarından sonra yaraşıqlının biri ilə bahalı avtomobillərə minərək yeni arzular arxasınca getməyə başladı. Bir, iki, üç... artıq sayı da itirmişdi. Amma yenə də inanırdı ki, bir gün həmin məkanların birində mütləq qarşısına ağ atlı şahzadə çıxacaq və ona bahalı avtomobil və ev hədiyyə edəcək.
O da kasıb həyatdan canını qutaracaq. Bu gün onun 22 yaşı var. Özünə görə görünüşü var. Əldə etdiyi yeganə göstərici bir-iki salonun “Instagram” səhifəsində yerləşdirilən fotolarıdır. Makiyaj ustası onu bəzəyərək fotosunu çəkib.
O da hər gecə yaraşıqlılara bu fotoları göstərərək model olduğunu deyir. Bəzək-düzəkli fotoları. Hər bir yaraşıqlı da ona deyir ki, “sən həyatda daha gözəlsən”. Çəhrayı şahzadə isə artıq deyilən sözlərə əhəmiyyət vermir, yaraşıqlının pulqabında nə qədər pul olduğunu təxmin etməyə cəhd edir. Hər bir yeni yaraşıqlı onun üçün, sadəcə, pul kisəsi olur.
Hələlik onun 22 yaşı var. İstəsə, həyatını dəyişə bilər. Daha dürüst, doğru həyata addım ata bilər. Amma bunu istəyirmi?