Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz şəhərində yerləşən “KOB evi”ndə və agentliyin inzibati binasında koronavirus (COVID-19) infeksiyasına qarşı kompleks profilaktik tədbirlər davam etdirilir.
KOBİA-dan Oxu.Az-a bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”na uyğun olaraq, Xaçmaz “KOB evi” və agentliyin inzibati binası dezifeksiya olunub.
Dezinfeksiya işləri zamanı binalardakı xidməti pəncərələrin, görüş otaqlarının, konfrans zallarının, lift və pilləkənlərin, sanitar qovşaqların və sair xüsusi maddələrlə dərmanlanması işləri həyata keçirilib.
Qeyd edək ki, kompleks profilaktik tədbirlərə uyğun olaraq KOBİA-nın strukturuna daxil olan binalarda döşəmələr, qapı dəstəkləri və digər təmas səthləri bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla gündəlik təmizlənir.
Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə bağlı agentliyə və Xaçmaz “KOB evi”nə müraciət edən sahibkarlara koronavirus infeksiyası barədə məlumat verilir, “KOB könüllüləri” tərəfindən onlara maarifləndirici bukletlər paylanılır.
Sahibkarlarla yanaşı, agentliyin və Xaçmaz “KOB evi”nin əməkdaşları Dünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır.