Aqşin Yenisey yazır...
XVI əsrin romanı danışırdı, XVII əsrin romanı uydururdu, XVIII əsrin romanı öyrədirdi, XIX əsrin romanı təsvir edirdi, XX əsrin romanı düşündürürdü. XXI əsrin romanı həm danışmalı, həm uydurmalı, həm öyrətməli, həm təsvir etməli, həm də düşündürməlidir. Ya da bunların hamısını inkar etməlidir.
Siçan ilinin adına yaraşmayan hay-həşirli ilk günlərində sosial şəbəkədə yazdığım bu statusa bir neçə ciddi və diqqətli oxucumuz rəy yazdı ki, mümkünsə bu barədə daha ətraflı. Hətta ən insaflısı məsələni daha konkret məcraya yönəltdi: hər əsrə aid bir roman adı çəkin və həmin roman üzərindən fikrinizi əsaslandırın.
Söz verdim və əməl edirəm.
Bəri başdan deyim ki, roman tarixi haqqında yazdığım statusda pərgarımın fırlanan ayağını XVI əsrin üstünə qoymaqla bir az qeyri-peşəkarlığa yer verdiyimi düşünmək olar. Çünki XIV əsrdə Bokkaççonun nəhəng “Dekameron” romanının üstündən birbaşa iki əsr sonraya hoppanmaq üstümüzdə yazıçı deyil, çəyirtkə kafası gəzdirdiyimizə karikaturik əsas verə bilər. Amma bir məsələ var ki, XIV əsr “Dekameron” əsəri ilə yola çıxan Avropa romanı XVI əsrə qədər ciddi bir irəliləyişə nail ola bilməyib.
XIV əsr romanı da XVI əsr Avropa romanı kimi “danışırdı”. Bokkaçço “Dekameron”u öz sevgi macəralarını danışan üç oğlan və yeddi qızın timsalında xalq danışıq dilində yazmışdı. Yəni XVI əsr romanı haqqında yazmaq elə XIV əsr romanı haqqında da yazmaqdır.
Şübhəsiz ki, XVI əsr romanı dedikdə yalnız bir romanın adını çəkmək olar. Fransua Rable, “Qarqantua və Pantaqruel”. Roman yazarları bu modern janrın Servantesin “Don Kixot”u ilə başladığını daha çox dilə gətirsələr də, roman tarixindən yazarkən “Qarqantua və Pantaqruel”i görməzdən gəlmək ədəbiyyat tarixinin bir əsrlik yolunu tunellə keçmək və o tunelin üstündə nəhəng bir abidənin varlığından xəbərsiz olmaq deməkdir.
(Bu yazıda əsərlərin bədii-estetik təbiətindən danışmayacağam, sadəcə, statusumda dediyim kimi, onların təhkiyə - Niyazi Mehdinin şərəfinə “söyləm” də deyə bilərik – formalarına toxunacağam)
“Qarqantua və Pantaqruel” iki çağı – “Qaranlıq çağı” və Renessans – həm bir-birindən ayıran, həm bir-birinə bağlayan bir sənət əsəridir. Bu roman bizə nəhəng Qarqantua və oğlu Pantaqruelin əhvalatlarını danışır. Bu roman müəllifi olan bir nağıldır.
Təsadüfi deyil ki, Rable bu romanı üçün istinad nöqtəsi kimi “Grandes Croniques” adlı xalq nağılını seçib ki, bu nağılda ingiliz kralı Artura müharibədə kömək edən bir ailənin qəhrəmanlıqlarından söz açılır. “Qarqantua və Pantaqruel” klassik roman və modern bir nağıldır.
Nağılın təhkiyə forması nitqə, yəni danışıq dilinə hesablanır; “nağıl dili yüyrək olar”, xalq öz üslubunun düsturunu da verir bizə. Rable bu romanla nəhəng modern bir nağıl yaradıb. “Qarqantua və Pantaqruel” XVI əsrin danışan romanıdır. Bu roman tamamilə nağıl estetikası üzərində qurulub.
Keçək XVII əsrə. Bu əsrin, eləcə də, modern çağın başlanğıcını qoyan roman Mişel de Servantesin “Lamançlı Don Kixot” romanıdır. Roman haqqında, demək olar ki, özündən sonrakı bütün dövrlərin bütün ciddi yazıçıları öz fikirlərini Servantesə minnətdarlıq hissi ilə yazıblar. Servantes, bildiyiniz kimi, bu romanı həbsxanada yazıb.
Servantesin Don Kixotunu anlamaq üçün amerikalı mifşünas Cozef Kempbellin “modern insana görə qəhrəman ölüb, ancaq əbədi bir insan olaraq yenidən doğulub. Onun ikinci işi məğlub olduğu həyatı haqqında aldığı və öyrəndiyi dərsləri bizə danışmaqdır” fikrini yazımıza dəvət etməliyik.
Don Kixot - Servantesin “öldürüb” yenidən diriltdiyi xaç yürüşləri dövrünün cəngavərlik məktəbinin bir üzvüdür (tarixdə ölənlər mütləq sənətdə yenidən dirilirlər). İkinci həyatında ağlını itirib. Servantes bilərəkdən Don Kixotu ağıldan məhrum edir. Çünki o, bizə roman boyunca uydurduğu qəhrəmanının başına gələn uydurulmuş əhvalatlar danışacaq.
“Don Kixot”da ağılın iştirak etməməsi, romanın insan dəliliyi üzərində qurulması onun uydurulduğunu inandırıcı etmək üçündür. Don Kixot başdanxarab kimi təqdim olunduğu üçün onun başına gələn bütün uydurma əhvalatlar bizə inandırıcı gəlir.
Don Kixot bizi məcbur edir ki, ona inanmaq üçün biz də özümüzü dəliliyə vuraq. Amma bu dəliliyin altında dəhşətli bir realizm də var ki, onu artıq romandan ayrılıb ağlımız başımıza qayıdandan sonra özümüz hiss edirik. Əslində, Don Kixot dünyaya gülmür, dünyanı özünə güldürür. O, faciənin azadlığıdır. Faciə insanın fövqünə çıxanda qəhqəhəyə çevrilir. Servantes Don Kixotun görkəmi ilə bizə deyir ki, komediya ağlını itirmiş faciədir. O, yalnız bizə məxsus olanda ağladır. Don Kixot, artıq ölüb-dirilib, o, artıq bizə məxsus deyil, biz buna görə halına acımadan ona gülə bilirik.
Beləliklə, biz göstərdik ki, ağlı təhkiyədən çıxarmaqla Servantes özü də romanı uydurduğunu bizdən gizləməyib.
Növbəti dayanacaq XVIII əsrdir. Bu əsr romanın coğrafiyasının daha da genişləndiyi dövrdür. Bu dəfə romanın möhürü ingilis ədəbiyyatının əlindədir: Daniel Defo “Robinzon Kruzo”, Conatan Svift “Qulliverin səyahəti”, Henri Fildinq “Tom Cons” və s. Ancaq dediyimiz kimi, romanın estafet çubuğu ingilis yazıçılarının əlində olsa da, bu janr artıq bütün Avropaya yayılıb. XVIII əsrdə alman Gete “Gənc Verterin iztirabları”nı, fransız müəlliflər Alen Lasej “Jil Blas”ı, Didro “Fatalist Jak və ağası” və b. romanlarını yaradıblar.
Bu əsrin romanları özlərindən əvvəlkilərdən danışmağı və uydurmağı öyrənmişdilər, amma özünəməxsusluqları da vardı: İlk dəfə müəllif şüuru XVIII əsr romanlarında görünməyə başladı. İlk dəfə müəlliflər oxuculara öz mesajlarını XVIII əsr romanları ilə verməyə cəsarət etdilər. Müəllif şüuru XVIII əsr romanlarında ictimai şüuru təmsil edirdi (bir əsr sonra bu yanaşma “ictimai roman” növünü yaradacaqdı).
Bu əsrə qədər roman ictimai şüurdan uzaq gəzirdi, ondan ehtiyat edirdi, ya da təhkiyə hələ nağıl dilinin şirinliyindən doymamışdı. Qulliver, Verter, Jak, Don Kixot kimi “ağılsız” deyildilər, əksinə, onlar ağıllarının çoxluğu ucbatından əziyyət çəkirdilər. XVIII əsrə qədər roman dəliliyin macəraçılığı idisə, XVIII əsrdə romanda ağıl macəraçılığı dövrü başladı. (Bir azdan görəcəyimiz kimi, cəmi iki əsrdən sonra ağlın özü roman qəhrəmanına çevriləcəkdi).
Bu əsrin roman yazarları danışdıqları, uydurduqları hər bir əhvalatla bizə nəsə demək, öyrətmək istəyirdilər. Bu didaktikanın nəticəsi idi ki, Verter bütün Avropanı intihara sürüklədi və İtaliya, Danimarka kimi bir çox Avropa ölkəsində “Gənc Verterin iztirabları”nı çəkmək qadağan olundu.
“Qulliver” – hər nə qədər uşaq ədəbiyyatı hesab olunsa da – cırtdanlar ölkəsində nəhəng, nəhənglər ölkəsində cırtdan olmaqla, dövrünün İngiltərəsinə işarə edərək, bizə hakimiyyət və insan arasındakı fərqin eybəcər ölçülərini göstərirdi.
Fatalist Jak xilas olmağın yolunu ailədən qaçmaqda və özünü ən axmaq bir ideya uğrunda ölümə atmaqda görürdü. Kunderanın sözləri ilə desək, bu əsrin romanlarında qəhrəmanlar öz fərdi aksiyaları ilə yadda qalırlar. Don Kixot ara-sıra qəmə qərq olsa da, öz dəliliyindən məmnun idi.
Don Kixot XVII əsrdə özünün yox, dünyanın xilasını düşünürdü. Özü xilas olanda darıxırdı. XVIII əsr roman qəhrəmanlarının heç biri həyatından məmnun deyil. Bu əsrin romanlarında fərdin xilas yolu axtarışı başlayıb artıq və bu yol Kafkaya aparırdı. XVIII əsr romanları xilas yolu haqqında didaktik layihələr idi.
XIX əsrdə yarım saatlıq çay, ya da pivə fasiləsi verək. Bu əsr romanın estafet çubuğunun ingilislərin əlindən rusların əlinə keçdiyi əsrdir. XIX əsr romanlarını Dostoyevski, Tolstoy kimi nəhəng rus roman yazarları yazsa da, Kunderaya görə, romanda yeni kəşfi Avropa romançıları etdilər. Xüsusilə Flober “Madam Bovari” romanı ilə ədəbiyyatda ilk dəfə “səfehliyi kəşf etdi”. Servantesin “dəliliyindən” sonra Floberin “səfehliyi” romanda ikinci kəşf idi.
XIX əsr romanında özündən əvvəlki əsrlərin bütün roman xüsusiyyətləri var; macəra, nağılçılıq, uydurma, ictimai-tarixi didaktika və s. XIX əsr yazıçılarına yalnız bir şey qalırdı, bütün bunların yaşandığı dünyanı, sadəcə, təsvir etmək. Bu əsrin romanlarını çox keçmədən kamera obyektivi, televiziya və film sənəti əvəzləyəcəkdi.
Flober bir kameraman kimi Emmanı izləyir, Dostoyevski “xəyali kamerası” ilə, Nabokovun sözləri ilə desək, özünün nəhəng “Cinayət və cəza” adlı dedektiv serialını çəkir, Tolstoy təsvirlərdə səhvə yol verməmək üçün fayton tutub Borodino çölünə tələsir. Unutmadığımız Viktor Hüqo “Səfillər”də əlində gizli kamerası Parisin kanalizasiya sistemindən ilk “sənədli film”i hazırlayır. XIX əsr başdan-başa yazıçı-rejissorların yaratdıqları “İctimai roman”ın əsridir.
Nəhayət, XX əsr, son dayanacaq. Dalbadal iki dünya müharibəsinin metal zərbələri ilə kontuziyaya uğramış yaradıcı beyinlər başlarının içini gəmirən ictimai-siyasi, ideoloji-hərbi uğultudan qurtulmaq üçün sakitlik, tək-tənha, dünyadan uzaq qala biləcəkləri bir yer axtarırlar. Roman ilk dəfə bu yerin insanın öz içində olduğunu kəşf edir. Prust evə qapanıb özü ilə danışmağa başlayır, Coys lunatik kimi özündən ayrılmış şüurunun arxasınca dolaşır, Kafka içindəki “Qəsr”də tək-tənha vurnuxur.
XX əsr romanı, qəhrəmanlarının arxetipləri müəlliflərin özləri olan əsərlərdir. Onlar özlərinin əhvalatlarını danışırlar, özlərini yenidən uydururlar, özlərinə yaşamaq öyrədirlər, özlərini təsvir edirlər, amma dahası da var. Bu müəlliflər xarici dünyadan qaçıb öz beyinlərinə, daxili dünyalarına sığındıqları üçün biz onların romanlarında ilk dəfə beyinin özü ilə qarşılaşırıq; düşünən, bəzən düşünə bilməyən, sayıqlayan, ağrıyan, dəli olan, qəhqəhə çəkən beyinlə.
Bu əsrin romanları ağlın sərgüzəştlərindən ibarətdir. XX əsr romanına qədər beyin dünya ilə məşğul idi, XX əsrdə özü ilə məşğuldur. Bu beyin az sonra absurda dirənəcək, Bekketdə, İoneskoda öz qırışlarına dolaşacaq.
XX əsr romanında insan, sadəcə, travma almış beyindən ibarət, əlsiz-ayaqsız, gözsüz-qulaqsız, köməksiz bir varlıqdır. Bu köməksizlik Kafkanın “Çevrilmə”sində insanın həşərata, Bulqakovun “İt ürəyi”də “Şarik”ə çevirilməsinə gətirib çıxarır.
Tarix və mühit insanı varlıq olaraq dəyərdən salıb həşərata, itə çevirsə də, beyni insan beyni olaraq qalır. Biz XX əsr romanında ilk dəfə insan ağlını bütün sərgüzəştləri ilə onun özündən kənarda bir obraz olaraq görürük. Bizi və Kafkanı K.-nın görünüşü, tipi, xarakteri qətiyyən maraqlandırmır. K. özünü itirmiş bir ağıldır (sonrakı mərhələdə absurda dirənəcək). Kafka onu bizdən ayırıb bir “Qəsr”ə məhkum edib, sanki, onu – ağılın özünü dəlixanaya salıb. Don Kixotun özü dəli idi, K. isə özü dəli olan ağıldır.
XX əsr romanı insanın deyil, ağlın taleyi haqqındadır. Təsadüfi deyil ki, modernistlərin ikinci nəsli olan Müzil, Brox, Qombroviç beyini, ağılı romandan xilas etməyə cəhd göstərirlər, onu müharibənin yaralarından, uğultularından təmizləyirlər. Bu müəlliflərin romanlarında ağıl, düşüncə azadlıq əldə edir, necə ki Servantesdə faciə azad idi. Faciənin azadlığı gülüş doğurmuşdu, ağlın azadlığı kədər doğurdu.
XX əsrin gözdə olan romanlarının, demək olar ki, hamısında düşüncənin, ağlın azadlığı və insanın kədəri ilə qarşılaşırıq və təsadüfi deyil ki, “yeni roman” daha çox bir təhlil, araşdırma mətni kimi xarakterizə olunur, onun bədii olan yönü içində gizlədiyi kədərdir. Mən sənətdə zövqün meyar olduğunu qəbul etməyənlərdənəm. Məncə, ciddi sənət heç vaxt zövq məsələsi olmayıb.
XX əsrdə ilk dəfə oxucunun (hətta müəllifin də) yerinə düşünən romanlar peyda olur. Roman tarixi hələlik burada dayanıb özünün yeni kəşflərini gözləyir. Postmodern roman kəşfsiz romandır.
Köhnə məzmunun yeni formada təqdimatıdan başqa bir şey deyil. Postmodern roman romana aid heç bir kəşfə imza atmadı və elə buna görə də öz ömrünü tez başa vurdu. Başda Umberto Eko olmaqla, postmodern roman müəllifləri roman tarixində xronoloji olaraq növbəti mərhələdirlər. Maarifçilər irəli getmək üçün qədim yunan loqosuna qayıtdıqları kimi, postmodernistlər də Orta əsr etikasına qayıtdılar və bu çağımızın inkişafının ziddinə atılmış addım idi.
Ekonun möhtəşəm “Qızılgülün adı” romanında qoyduğu və həll etdiyi problemlər günümüzdə heç kimi maraqlandırmır. Hökm vermək kimi çıxmasın, bəlkə də, keçmişə nostalji kimi bir müddət yaşayacaq bu əsərlər. Amma Kafkadan, Prustdan, Alen Rob Qriyedən, Broxdan, nə bilim, Müzildən sonra romanın axtardığı şey insanlığın keçmişi deyildi.
Süni zəkaların tarixə və həyata daxil olmağa başladığı XXI əsrdə, bəlkə də, yeni romanlar insanlığın dünyaya yazdığı vida məktubları olacaq, bilmirəm. Bircə onu bilirəm ki, romanın ürəyi keçmişdə yox, gələcəkdə döyünür...