İranın dövlət telekanalı olan “Səhər” bu ölkənin təbliğat sahəsi ilə məşğul olanların müəyyən qruplarının Azərbaycana qarşı istifadə etdiyi mənasız bir variantdır.
Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın “Səhər” telekanalında bu ölkənin rəsmi şəxslərinin son vaxtlar Azərbaycana qarşı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
M.Qurbanlı qeyd edib ki, İranın bu telekanala xərclədiyi pullar hədər yerə gedir:
“Çox mənasız telekanaldır. İran bura xərclədiyi pulu sanki səhraya, quma dağıdır”.
Komitə sədri İran ayətullahlarının “Səhər” TV vasitəsilə mütəmadi “Azərbaycanda şiələr sıxışdırılır, məhərrəmlik unudulur” kimi bəyanatlarını mənasız adlandırıb:
“Dəfələrlə İmam Əlinin, İmam Hüseynin (ə) və yaxud onların əshabələrinin həyatı, fəaliyyəti haqqında Azərbaycanda filmlər göstərilib, kitablar nəşr olunub. Bu müqəddəslərlə bağlı ənənəvi günlər qeyd olunub, o cümlədən də Məhərrəmlik ayı qeyd olunur. Ona görə də o ayətullahların çıxışları mənasızdır. Onlar həqiqətən şiəliyi bu cür təbliğ edirlərsə, ermənilərə qarşı bu təbliğatı aparsınlar. Çünki Azərbaycanın işğal olunmuş rayonlarında nə qədər məscidlər ermənilər tərəfindən dağıdılıb ki, onların da əksəriyyəti şiə təriqətinə mənsub olan məscidlərdir. Əgər o ayətullahlar bizim müsəlmançılığımızla bağlı şəkk edirlərsə, mən onların şəkkinin özünə şəkk edirəm”.
Mübariz Qurbanlı həmçinin Aşura gününün ölkədə qeyri-iş günü elan olunmasını tələb edənlərə cavab verib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini baxımdan əhalinin 96 faizi müsəlman olması etibarı ilə bütün İslam aləminin qəbul etdiyi bütün xüsusi günlər - Ramazan və Qurban bayramları qeyd olunur.
Komitə sədri qeyd edib ki, bu sıraya məxsusi olaraq Aşura gününün də qeyd olunması əlavə edilsə, Azərbaycanda yaşayan digər dini təriqətlərə qarşı bir növ ayrı-seçkilik yaradılmış olur:
“Bu nüansı gərək hamı başa düşsün. Məsələn, İran bütöv bir ölkə olaraq şiələrin yaşadığı ölkədir.
Amma Azərbaycanda aşağı-yuxarı təxminən 60 faizə qədər miqdarda şiələr var. Dövlət də burada ayrı-seçkilik etmək istəmir. Onsuz da həmin gün insanlar məscidlərə gedir, Aşura gününü necə lazımdır, qeyd edir. Qafqaz Müsəlmanları İdarəsi də ayrıca fətva verir. Dövlətin bura rəsmi müdaxiləsi lazım deyil”.