"Rəqəmsal dünyanın yalnız risklər deyil, həm də böyük imkanlar gətirdiyini başa düşmək vacibdir. Buna görə də qanunvericilik orqanı olaraq məqsədimiz uşaqların müasir texnologiyalara çıxışını məhdudlaşdırmaq deyil, onların istifadəsi üçün təhlükəsiz mühit yaratmaqdır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai dinləmədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, dövlət uşaq və gənclərin təkcə rəqəmsal xidmətlərdən inamla istifadə etməsində deyil, həm də İT bacarıqlarını fəal şəkildə inkişaf etdirməsində maraqlıdır:
"Buna görə də uşaq və gənclərə ideyalarını həyata keçirməyə, praktik bacarıqlar qazanmağa və ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verən təhsil proqramları, hakatonlar, startap akseleratorları və digər layihələr böyük əhəmiyyət kəsb edir".
"Bu yanaşma eyni zamanda, uşaqların təhlükəsizliyini təmin edir və onların rəqəmsal sahədə potensiallarını reallaşdırmaları üçün şərait yaradır. Əsas məsələ texnologiyanı nə tərifləmək, nə də qınamaqdır. Əksinə, bu, sadə bir həqiqəti qəbul etməkdir: ətrafımızdakı rəqəmsal mühit nəinki böyük fayda gətirə bilər, həm də uşaqların sağlamlığı və inkişafı üçün ciddi risklər yarada bilər. Bizim məsuliyyətimiz onun faydalarını maksimum dərəcədə artırmaqla yanaşı, eyni zamanda bu risklərin qarşısını almaqdır. Bu istiqamətdə bütün maraqlı tərəflərin birgə iştirakı, əməkdaşlığı, verdiyi töhfələr olduqca vacibdir".