Xəbərlər, sosial şəbəkələrdə statuslar, tənqid və qınaq Avstriyanı “Eurovision”da təmsil edən müğənninin ünvanına deyil, bütün Avropanın ünvanınadır. Ən çox da “Avropanın əsl siması üzə çıxdı”, “Avropada kişi yoxdur” və s. kimi səslənən statuslar daha çox yayılıb.
Ən əsası isə odur ki, bekar qalan hər kəs Avropanın ünvanına xoşagəlməz sözlər deyir. Xatırladım ki, Avropa təxminən 50 ölkədən ibarətdir.
Niyə belə edirsiz? Avropaya bu qədər nifrət hardandır? Ən əsası buna baxmağa sizi kim məcbur edir? Özünüzü incitməyin, divandan qalxın, Avropadan gətirilmiş parketinizin üstündə addımlayaraq, Avropada istehsal edilən televizorunuzun pultunu götürün, kanalı dəyişin.
Biz başqa kanalda Üzeyir, Rəqsanə haqqında nə danışıldığı, sənətdən danışanda ən çox kimin evləndiyi, boşandığı kimin fahişəlikdə ittiham edildiyi ilə maraqlanmışıq. Avropanın siması üzə çıxdı deyirsiz?
Gəlin təsəvvür edək ki, sizə bu gün “Mercedes” və ya “Vaz-2100” təklif ediblər, əminəm ki, siz birincini seçəcəksiniz. Bu elə mebelə də, elektrotexnikaya da, ümumiyyətlə bu gün aldığımız və həvəslə istifadə etdiyimiz hər şeyə aiddir.
Qərbin istehsal etdiyi avtomobildə oturub, onun istehsal etdiyi kompüteri, telefonu işlədərək Qərbi tənqid etmək ayıbdır. Sabah hər hansı bir müsabiqədə müğənnilərdən hansısa soyunsa, bu, Avropada əxlaqsızlığın baş alıb getməsi demək deyil, ona qalsa elə burda da çoxu çılpaq gəzir.
Və yaxud da əgər hər hansı bir ölkəni qeyri-ənənəvi orientasiyalı insan təmsil edirsə, bu, Avropa ölkələrində kişilərin kökü kəsilib demək deyil. “Eurovision” tarixində gözəl simalı, taxma kirpikli oğlan və qızlar çox olub.
Əgər hər hansı bir ölkə seçilmək və ya öz tolerantlığını və demokratiya səviyyəsini göstərmək istəyibsə və bu sizin xoşunuza gəlməyibsə onları bağışlayın. Bəli, biz buna hazır idik. Amma biz soyuq müharibəni uduzan köhnə Sovet ölkələriyik, və artıq qəbul etməliyik ki, insanlar fərqli olur.
Yalnız seksual oriyentasiyasına görə insanları qiymətləndirmək olmaz. Üstünlüyümüzü sübut etmək üçün növbəti yanlış addımı gözləməyin. Bəlkə Qərbə paxıllığımıza son qoymaq vaxtı gəlib çatıb. Bu, soyuq müharibə zamanı Sovet siyasətinin ştrixlərindən başqa heç nə deyil. Paxıllıq yaxşı nəticə verə bilməz, daha çox sevin, sürü instinktindən qurtulun, fərdiliyə yol verin, fərqli olun.
Fidan Məmmədova
Berlin Almaniya
www.oxu.az