Keçmiş Baş prokuror Zakir Qaralov hazırda bir vəzifəsini icra edir.
Oxu.Az-ın məlumatına görə, o, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvüdür.
Onun bu komissiyada qalıb-qalmaması barədə qərarı Konstitusiya Məhkəməsi verə bilər.
Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Qeyd edək ki, Zakir Qaralovun Baş prokuror kimi səlahiyyət müddəti bu il aprelin 28-də başa çatıb. O, 2000-ci il aprelin 25-dən Baş prokuror vəzifəsində işləyirdi.
Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin Baş prokuror təyin edilməsinə razılıq verilib. Elə həmin tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Kamran Əliyev Baş prokuror təyin olunub.
Aqşin Kərimov
Rəylər