“Payız-qış mövsümündə respirator viruslar da inkişaf edir. Koronavirusun əlamətləri də həmin xəstəliklərin əlamətləri ilə bənzərlik təşkil edir”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, oxşar əlamətlər olduğundan xəstəlikləri bir-birindən fərqləndirmək bir qədər də çətinləşir:
“Bu səbəbdən özünü narahat hiss edən şəxslərin evdə qalmaları, özünü təcrid etmələri məsləhət görülür. Sosial məsafə qorunmalıdır, qoruyucu tibbi maskalardan istifadə edilməlidir, otağın havası tez-tez dəyişdirilməlidir. Gigiyenik qaydalara ciddi əməl edilməli və ailə həkiminə mütləq müraciət olunmalıdır. Həmin şəxslərin koronavirus və ya digər xəstəliklərdən əziyyət çəkməsinin dəqiqləşdirilməsi önəmlidir. Ehtiyac olduğu təqdirdə test götürülə bilər”.
Həkim onu da əlavə edib ki, ev şəraitində olan insanların xəstəliyə qarşı statusu fərqli ola bilər:
“Çünki insanlar fərqli doza ala, yaxud peyvəndə qarşı həssas ola bilərlər. Buster doza alanlar xəstəliyi yüngül keçirir, eləcə də xəstəliyi yayma ehtimalı da kifayət qədər aşağı düşür. Odur ki, əvvəlki dozalar qüvvətini itirdiyindən, “Omikron” ştammının yoluxuculuğunu nəzərə almaqla buster dozanın qəbul edilməsi tövsiyə edilir”.
Könül Cəfərli